
“Mərkəzi Ordu İdman Klubu tərəfindən Peşəkar Futbol Liqasına ancaq loqo dəyişikliyi ilə bağlı müracət olunub və müsbət cavablandırılıb”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev deyib.
Onun bildirdiyinə görə, I Liqada mübarizə aparan Müdafiə Nazirliyinin təmsilçisi quruma ad dəyişikliyi ilə əlaqəli hər hansı formada müraciət etməyib.
Müdafiə Nazirliyinin (MN) tabeliyində olan klub bundan sonra «Ordu» adlanacaq.
Dəyişikliyə səbəb Mərkəzi Ordu İdman Klubunun yenidən təşkilatlanma dövrünə qədəm qoymasıyla əlaqədardır.
Belə ki, MN-nin nəzdində fəaliyyət göstərən klub rəhbərliyini dəyişəndən sonra yeni strategiya müəyyənləşdirib.
«Ordu» artıq 3 komanda idman növünə üstünlük verəcək. Bura futbolla yanaşı, basketbol və voleybol daxildir.
Klub indiyədək bir dəfə də adını daşıyıb. 1961-ci ildə fəaliyyətə başlayan «hərbiçilər» 2005-ci ildə Ordu İdman Klubundan Mərkəzi Ordu İdman Klubuna çevrilib.