
"Qəbələ" və "İmişli"nin ardınca "Karvan"ın da Premyer Liqaya vəsiqə qazanması futbol ictimaiyyətini sevindirdi.
Axı illərdi böyük futbolun bölgələrə yayılmasını arzulayırıq.
Amma Yevlax təmsilçisinin verdiyi qərar sevincə kədər qatmış oldu.
Belə ki, klub rəhbərliyi Yevlax şəhər stadionunun təbii olan örtüyünü süni örtüklə əvəzləyəcək.
Bu barədə baş məşqçi Kənan Kərimovun da mətbuata açıqlaması olub.
Deyəsən, "Səbail"in süni örtüyündən Premyer Liqa klublarının canı qurtarmamış "Karvan" onun yerini almaq istəyir.
Məsələn, "Qarabağ" məcbur qalmasa, usta futbolçularının bu cür meydanlara ayaq basmasına imkan verməz.
"Karvan" rəhbərliyinin təbii örtük varkən onu düzəltmək yox, daha rahat yola qaçması yersiz addımdır.
Bəlkə də müəyyən xərclərdən azad olmaq kimi görünə bilər.
Amma görünə bilər...
Həqiqət isə başqa şeydən xəbər verir.
Bu gün bəlkə də ən çox zədəli futbolçudan əziyyət çəkən klub "Turan Tovuz"dur.
Bir neçə oyunçusu qısa müddətdə əməliyyata getməli olub.
Özü də müxtəlif Avropa ölkələrində.
Birbaşa səbəb Tovuz şəhər stadionundakı süni örtüyün yararsız olmasıdır.
Klub rəhbərliyi ilk fürsətdə ota keçid etməyi düşünür. Çünki müalicə və əməliyyatlara gedən pulları hesablasan süni meydanla büdcəyə edilən qənaətdən daha çox itirmiş olacaqsan.
Burada rəqiblərə, çempionatın səviyyəsinə vurulan zərbə də az deyil.
Süni meydan amilinə görə ölkəyə gəlmək istəməyən səviyyəli əcnəbilər az deyil.
Oyunların sürəti istənilən səviyyədə deyil.
Bir sözlə, "Karvan" rəhbərliyi 1 addım irəli atıb, 5 addım geri düşmək yolunu seçib.
Hələ vaxt var.
Ümid edək ki, klub başbilənləri yekunda bu cür zərərli addımından geri çəkiləcək.
Digər tərəfdən "Qəbələ" Birinci Liqada çıxış edə-edə məhdud büdcə hesabına təbii olan meydançalarını ən üst səviyyədə saxlaya bildi.
Ciddi sponsor dəstəyi olmayan "Sumqayıt" 3 təbii meydanın saxlanmasına maliyyə ayırır.
Belədə niyə "Karvan" da ən azı əsas meydanı təbii örtükdə saxlamasın?
XANOĞLAN İMANOV