
I Liqanı tərk etməsi XXVI turda rəsmiləşən “Qaradağ Lökbatan” fəaliyyətini dayandıracaq.
Yevlaxda “Karvan“la 2:2 oynayaraq turnir cədvəlində sonuncu pilləyə “dəmir atan“ klubun rəhbərliyi bu barədə məşqçi və futbolçuları məlumatlandırıb.
Funksionerlər onlarla görüşdə mövcud vəziyyət haqda danışıb, II Liqada çıxış etməyəcəklərini açıqlayıblar. Onların bildirdiyinə görə, I Liqada yerini qoruya bilməyən komandaya vəsait ayırmaq fikirləri yoxdur.
“Qaradağ“ aşağı dəstənin ən təcrübəli iştirakçılarından biridir. Qəsəbə klubu ardıcıl 16 mövsüm burada çıxış edib.
2009/10 mövsümündə “Neftçi” İSM adı ilə qatıldığı yarışda 2 ildən sonra “Qaradağ Lökbatan”a çevrilib. Komanda həm də aşağı dəstənin ən uğurlu yarışmaçılarıdan biri idi.
Ötən il son turlara qədər çempionluq uğrunda mübarizə aparan və Premyer Liqaya vəsiqəni “Şamaxı” ilə mübarizədə əldən verən “Qaradağ Lökbatan” 7 dəfə mükafatçılar sırasında yer alıb.
2011/12 və 2021/22 mövsümlərində çempion olsa da Premyer Liqa üçün lisenziya ala bilməyib.
2012/13, 2015/16, 2017/18 və 2023/24 mövsümlərində I Liqada 2-ci yeri tutan komanda 2013/14 mövsümündə 3-cü yerlə kifayətlənib.
“Qaradağ Lökbatan” indiki kimi 2019/20 mövsümündə də sonuncu yeri tutub. Amma 13 komandalı çempionat həm koronavirus pandemiyasına görə yarımçıq qalıb, həm də ikinci dəstə olmadığı üçün aşağı yuvarlanmaq qaydası işləməyib.
Səfərdə “Karvan”la 2:2 hesablı heç-heçə edən Bakı klubu sona 1 tur qalmış sonuncu yeri rəsmiləşdirib. 23 xala malik “Qaradağ Lökbatan” “Difai” və “Cəbrayıl”dan 3 xal geri qalır.
Xallar eyni olduqda, qələbə sayı əsas götürüldüyü üçün qəsəbə təmsilçisi digər iki komandadan hər hansı birini keçmək şansını itirib.
SPORTİNFO.AZ