“Zirə”ni Rəşad Sadıqova görə seçib - BU OĞLAN

29 İyul 2020 21:00 Zirə 1 338
“Zirə”ni Rəşad Sadıqova görə seçib - BU OĞLAN

“Zirə”nin baş məşqçi postundakı dəyişiklikdən, təfərrüatıyla desək, Zaur Həşimovun yerinə Rəşad Sadıqovun təyin olunmasından sonra komandada köklü dəyişikliklərin olacağı gün kimi aydın idi.

Belə də oldu. Sportinfo.az xəbər verir ki, xeyli sayda yerli və əcnəbi futbolçuyla vidalaşan qəsəbə təmsilçisi yeni mövsüm üçün heyət formalaşdırır.

Artıq bir çox futbolçu ilə müqavilə bağlanıb ki, onlardan biri də Şəhriyar Rəhimovdu. Son iki ildə “Səbail”in formasını geyən, Aftandil Hacıyevin güvəndiyi futbolçulardan olan, komandanın vitse-kapitanı sayılan və ən vacibi, bayıllılarla müqavilə müddəti 2021-ci ilə qədər nəzərdə tutulan 31 yaşlı müdafiəçinin “Səbail”i “Zirə”yə dəyişməsi sual doğurdu.

Və bu keçid “dənizçilər”in işlərinin qaydasında getmədiyini bir daha göstərdi. Ara-sıra yığmaya da çağırılan Rəhimovla söhbətimiz verdiyi qərarla bağlı olsa da, “Səbail” mövzusuna da toxunduq (Futbol+).

- Artıq yeni komandanın sıralarındasan. Özünü necə hiss edirsən, hazırlıq necə keçir?
- Vəziyyət gözlədiyimdən də yaxşıdı. Hamı bir nəfər kimi həvəslə çalışır. Əhval-ruhiyyə də qaydasındadı. Digər komandalar kimi növbəti mövsümə ciddi hazırlaşırıq. Hansısa çətinlikdən söhbət gedə bilməz.

- Yeni mövsümə hazırlıq mərhələsində özünü “Zirə”nin formasında təsəvvür edirdin?
- Düzünü desəm, yox. “Zirə”yə keçidim bir anın içində baş verdi. Bəzən bir klubu başqasında dəyişəndə müzakirə aparır, düşünmək üçün vaxt istəyir, sonda qərarını verirsən. Amma bu dəfə düşünməyə imkan olmadı. Təklif gəldi, qısa zamanda düşündüm və qəbul etdim.

- Başqa təkliflər var idi?
- Kim(lər)insə düşüncəsində, planında var idim, ya yox – deyə bilmərəm. Amma real təklif “Zirə”dən oldu. Qalanları söz-söhbət səviyyəsində idi ki, belə şeylər həmişə olur.

- Avroliqada ölkəmizi təmsil edəcək “Keşlə” ilə “Sumqayıt” da müdafiənin sol cinahına futbolçu axtarır. Onlar da maraqlanmırdılar?
- Dediyim kimi, rəsmi təklif ancaq “Zirə”dən oldu.

- “Zirə”ni seçməyində Rəşad Sadıqov amilinin nə dərəcədə rol oynadığını deyə bilərsən?
- Bəzi amillər var idi ki, başlıcası elə Rəşad Sadıqovdu.

- Baş məşqçi özü zəng etmişdi?
- Xeyr, klubdan əlaqə saxlayıb Rəşad Sadıqovun məni sərəncamında görmək istədiyini dedilər. Baş məşqçi xidmətində maraqlı olduğu futbolçuların hər birinə ayrı-ayrılıqda zəng vurası deyil ki. Sağ olsun, xidmətimə ehtiyac duyub, mən də öz oyunumla qarşılığını verməyə çalışacam.

- Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etmək həvəsinin özəlliyi nədi?
- Nə mənada?

- Niyə bir çox futbolçular Sadıqovun komandasında oynamaq istəyir? Xarakterinə, məşqçilik bacarığına görə, yoxsa ondan nəsə öyrənmək üçün?
- Rəşad Sadıqov Azərbaycan futbolu üçün önəmli simadı. Həm futbolçu kimi sözünü deyib, həm də məşqçi kimi təcrübəsi var. Ondan təklif gəlibsə, sevindirici haldı. Məncə, Rəşad Sadıqov ad-soyadı çox şey deməkdi, detallara girməyə ehtiyac yoxdu. Çünki ondan öyrəniləsi çox şey var.

- Qarşınıza qoyulan hədəf nədi?
- Bildiyiniz kimi, komanda yenidən yığılır. Ona görə də hədəfdən danışmaq doğru olmaz. Bu dəqiqə başlıca hədəf yaxşı komanda, mübariz kollektiv qurmaqdı. Ən əsası budu. Yaxşı komanda qurandan sonra hədəflər haqda danışmaq mümkündü. İndiki vəziyyətdə çempionluqdan danışmaq doğru olmaz. Amma təbii ki, növbəti mövsüm üçün hədəf olacaq.

- Mövsüm başa çatandan sonra baş verən proseslər və mətbuatda yazılanlar “Zirə”nin büdcəsinin azalmasından xəbər verir. Hətta sabiq futbolçu Adrian Skarlatake qəzetimizə müsahibəsində bunu açıq şəkildə bildirmişdi. Həqiqətən belədi?
- Komandaya yeni qoşulmuşam. Bu haqda heç nə deyə bilmərəm.

- Məsələn, sənə təklif olunan maaşdan hiss edə bilmirsən?
- Ötən mövsüm də “Zirə”də oynasaydım, fərq haqda nəsə deyə bilərdim. Amma ötən mövsüm komandada kimin nə qədər qazandığını bilmədiyim üçün müqayisə aparmağım, dəqiq söz deməyim mümkün deyil. İşim futbol oynamaq, verilən tapşırıqları yerinə yetirməkdi. Büdcədən məlumatsızam.

- Neçə nömrəli futbolkanı geyəcəksən?
- “13”ü istəyirəm. İnzibatçıdan soruşmuşam, bu nömrənin boş olduğunu deyib. Çox güman, “13” olacaq.

- İki il şərəfini qoruduğun, əsas heyət üzvü sayıldığın, vitse-kapitanı olduğun “Səbail”dən ayrılmağa səni nə məcbur etdi? Müqavilə müddətinin gələn ilin yayına qədər olduğunu da unutmayaq.
- Şablon səslənməsin, dediyiniz faktlara görə “Səbail”dən ayrılmaq həqiqətən çətin idi. İstər-istəməz komandaya, ordakı ab-havaya öyrəşmişdim. Bəli, anlaşmam da davam edirdi. “Zirə”dən təklif alandan sonra karyeramda dəyişiklik, yenilik etmək həvəsinə düşdüm. Vallah, “Səbail”də heç kimdən pislik görməmişəm, hamıyla əla münasibətim olub. Yəni ordan ayrılmağım klubda, yaxud komandada hansısa problemlə üzləşdiyimə görə deyildi. Sadəcə, dəyişiklik etmək istədim. Hər ayrılıq mütləq nədənsə narazı olmaq demək deyil.

- Yəqin dəyişiklik deyəndə hədəfə doğru can atmağı nəzərdə tutursan. Daha iddialı komandada top qovmaq istəyi.
- Bəli, elədi. Hər komandanın özünə görə iddiası var. Hətta sonuncu pillədə yer alan komandanın qarşısında da məqsəd olur. “Səbail”ə hörmətsizlik kimi çıxmasın, amma hər bir futbolçu daha iddialı komandada oynamaq istəyir. Gördüyüm qədər “Səbail”də gəncləşdirmə siyasəti aparılır.

- Getmək həvəsinə düşəndə Aftandil Hacıyev, yaxud klub rəhbərliyi qalmaqla bağlı israr etmədi?
- Klubla müqaviləm var idi və hər kəs qalmağımı istəyirdi. Xidmətimdə maraqlı olmasaydılar, mövsüm başa çatan kimi adımı açıqlayardılar. Hətta yeni mövsümə “Səbail”də başlayacağımı düşünürdüm. Aftandil müəllim istəyimi başa düşdü, danışıb razılaşdıq. Özü də futbolçu olub, futbolçu həyatının nə olduğunu bilir. Elə bir problem olmadı.

- Düz bir il Maykl Essyen kimi dünya şöhrətli futbolçu ilə komanda yoldaşı oldun. Ondan nə görüb-götürdün?
- Çox şey.

- Məsələn?
- Peşəkarlıq, idmançı davranışı. Essyenin müasir futbolda hansı titullar qazandığını, hansı komandaların şərəfini qoruduğu hamı bilir. Belə deyim, futbolla maraqlanan istənilən şəxs onu tanıyır, adam ulduzdu. “Ağac bar verdikcə başını aşağı əyər” məsəlinin doğruluğunu Essyenin timsalında gördüm. Bir insan nə qədər sərbəst, nə qədər rahat ola bilərmiş. 1 il bir yerdə olduq, bir dəfə də “Çelsi”də, “Real”da oynadığını hiss etdirmədi. İçimizdən biri kimi davranırdı bizimlə. İstənilən futbolçuya nümunə olacaq insandı.

- İngilis dilini yaxşı bildiyinə, həm də vitse-kapitan olduğuna görə, məntiqlə, səninlə münasibəti daha sıx olmalıydı.
- Düzdü, ingilis dilinə görə tez-tez danışırdıq, bir-birimizdən nəsə soruşurduq. Sıx deyəndə ki, normal münasibətimiz vardı, lazım olanda danışırdıq. Ümumi söhbətlər olurdu, sırf nəyinsə üstündə dayanmırdıq.
-

Əlaqə nömrəsini götürmüsən yəqin.
- Elədi, “vatsap”ı var (gülür).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!