Ağabala futbolçu Sadıqovla məşqçi Sadıqov arasında fərq görmür

26 İyul 2020 17:20 Zirə 1 041
Ağabala futbolçu Sadıqovla məşqçi Sadıqov arasında fərq görmür

Mövsüm başa çatandan sonra “Zirə”də köklü dəyişikliklərə şahidlik etməkdəyik.

Sportinfo.az xəbər verir ki, öncə baş məşqçi Zaur Həşimovla yollar ayrıldı, onun yerinə Rəşad Sadıqov təyin olundu.

Ardınca 10-dan artıq futbolçuyla əməkdaşlıq davam etdirilmədi. İndi isə Sadıqov yaxşı tanıdığı futbolçuları sərəncamında görməkdə həvəslidi.

Büdcəsi azaldığı deyilən “Zirə”dən Ağabala Ramazanovun da gedəcəyi söylənilirdi. Düzdü, bəstəboyun müqavilə müddəti davam edirdi. Sadəcə, maliyyənin aşağı düşməsi Ağabalanın planlarına qətiyyən daxil deyildi.

Lakin sonradan nə dəyişdisə, Ramazanov yolların qarşılıqlı razılıq əsasında ayrılmasında maraqlı olmadı. O da hazırda digər komanda yoldaşları kimi Qəbələdədi, növbəti mövsümə hazırlaşır. Belədə onunla dünənki telefon danışığında bizi maraqlandıran suallara cavab tapmağa çalışdıq (Futbol+).

- “Zirə”nin Avroliqaya vəsiqə qazana bilməməsi sənə necə təsir etdi?
- Necə təsir etdi deyəndə ki, sonluğun belə alınmasının günahını özümüzdə görməliyik. Açıq danışmaq lazımdı, öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq. Bəzi oyunlarda itirdiyimiz vacib xallar bizi çətin duruma saldı. Ona görə də düşdüyümüz vəziyyətlə barışmalıyıq.

- Avroliqada sizin yox, “Sumqayıt”ın çıxış edəcəyi nə dərəcədə ədalətli olacaq?
- Artıq bu barədə nəsə deməyin mənası yoxdu. Qərar verilib, hər şey məlumdu. Bu məsələ ilə bağlı heç o vaxt da nəsə danışmamışdım, bundan sonra da danışmaq niyyətində deyiləm. Çünki mənim, yaxud bir başqasının nəsə deməsi ilə heç nə dəyişməyəcək. Boş-boş nəsə deməyə isə ehtiyac yoxdu. Vaxtında itirdiyimiz xallar olmasaydı, indi Avroliqaya hazırlaşırdıq. Ona görə də qərara hörmətlə yanaşıb, digər komandalarımız kimi, “Sumqayıt”a da uğurlar arzulamalıyıq.

- Zaur Həşimovun “Zirə”dən ayrılması çoxları üçün gözlənilməz oldu. Sənin üçün də?
- İlk növbədə Zaur Həşimovu yaxından tanıdığım üçün şad olduğumu deməliyəm. Həqiqətən gözəl, nümunəvi xarakterə sahib biridi. Rəhbərliklə nə danışdıqlarını, aralarında hansı nöqtədə fikir ayrılığı yaşandığını bilmirəm. Bu mövzuda nəsə demək çətindi. Yəqin ki, hər iki tərəfin bildiyi nəsə olub. Yenə deyirəm, mənim üçün olduqca gözəl insan idi.

- Mövsüm başa çatandan sonra heyətdəkilərin 70-80 faizi ilə yollar ayrıldı. Açığı, sənin də gedəcəyin deyilirdi. Lakin qaldın...
- Klubdan ayrılanların böyük əksəriyyətinin “Zirə” ilə anlaşma müddəti bitmişdi. Ona görə də yollar ayrıldı. Mənim isə daha 1 illik anlaşmam var. Bu səbəbdən harasa getmək barədə düşünmürdüm. Rəhbərlik, yaxud baş məşqçi gedişimi istəsəydi, başqa məsələ. Amma mən özüm klubdan ayrılmaq fikrində olmamışam. Kimsə nəsə deyə bilər, mənim belə niyyətim olmayıb.

- Komandada köklü dəyişikliklər müşahidə olunmaqdadı. Bu qədər yeniliklərdən sonra qısa müddətdə yeni kollektivin formalaşması çətin olmayacaq?
- Düz qeyd edirsiz, vaxtımız azdı. Dəyişikliklər bütün komandalarda olur və zamanla hər şey yoluna qoyulur. Sadəcə, bu dəfə vaxtımız çox azdı. Deyilənə görə, avqustun ortalarında yeni mövsüm başlayacaq. Bu isə bir aydan az vaxt deməkdi. Ümid edirəm ki, qısa müddətdə də olsa, yaxşı kollektiv formalaşacaq. Əsas istəkdi, istək olandan sonra qalan məsələlər həllini tapır.

- Rəşad Sadıqovla “Qarabağ”da futbolçu kimi komanda yoldaşı olmusan. İndi isə rəhbərliyi altındasan. Məşqçi Sadıqovla futbolçu Sadıqov bir-birindən nə ilə fərqlənir?
- Rəşad Sadıqovu tanıyanlar hansı xarakterə sahib olduğunu bilir: döyüşkən, əzmkar və tələbkardı. Futbolçu olanda onda bu xüsusiyyətləri görmüşdüm. İndi isə məşqçi kimi eyni xüsusiyyətləri müşahidə edirəm. Adam dəyişmir, bir işdə necədisə, digər işdə də elə olur. Ona görə də məşqçi Sadlqovla futbolçu Sadıqov arasında elə bir fərq görmürəm. Mən də baş məşqçinin tələbkarlığını nəzərə alıb, əlimdən gələni etməyə çalışacam.

- Cari mövsümdə qarşınıza konkret hədəf qoyulub?
- Açığı, nə klub rəhbərliyi, nə də baş məşqçi bizimlə hədəf barədə söhbət edib. Hər bir iş pillə-pillə olur. Hazırda qarşımızda duran əsas məsələ mehriban və döyüşkən kollektiv yaratmaqdı. Bunu edəndən sonra gələcəkdə hədəf barədə danışmaq olar. Futbolda ailə mühiti, mehribanlıq olduqca önəmlidi.

- Həm yarımmüdafiənin cinahlarında, həm də hücumun sivri ucunda oynamaq bacarığı ilə seçilirsən. Sadıqov səni hansı mövqedə görür?
- Açığı, mənə cinahlarda oynamaq daha rahatdı. Lakin indiyə qədər məşqçilər hansı mövqedə məsləhət görübsə, orda oynamışam, bacardığımı etməyə çalışmışam. Bundan sonra da baş məşqçimiz harda desə, orda çıxış edəcəm. Mövqe elə də önəmli deyil. Əsas odu ki, komandama fayda verim.

- Müsahibələrində legioner həyatı yaşamaqda maraqlı olduğunu deyirsən. Bu dəfə də Azərbaycanda qaldın. Nə mane oldu?
- Legioner həyatı yaşamaqda maraqlı olduğumu həmişə demişəm, yenə həmin niyyətdəyəm. Amma bunun üçün gedib kiminsə qapısını döyə bilmərəm. Dəvət, təklif olmalıdı ki, gedə bilim. Budəfəki fasilə dönəmində heç bir əcnəbi klubdan təklif almadım. Pandemiya dünyanın hər yerində futbol planlarına təsir edib. Ona görə də harasa gedəcəyim inandırıcı görünmürdü. Gələcəkdə belə bir variant olsa, dəyərləndirməyə çalışacam.

- Yığmanı Millətlər Liqasındakı oyunlara Canni De Byazi çıxaracaq. İtalyan məşqçidən gözləntilərin nədi?
- De Byazini hamı Albaniya yığmasındakı işi ilə xatırlayır. Bu məşqçi albanları Avropa çempionatının final mərhələsinə daşımışdı. Lakin fərd olaraq onu tanımadığımdan, iş prinsiplərinə bələd olmadığımdan gələcəklə bağlı proqnoz verə bilməyəcəm. İlk növbədə fəaliyyətə başlasın, işini görək, ondan sonra nəsə demək olar. İstənilən halda, pozitiv olmalı, yığmanın uğur qazanacağına inanmalıyıq. Məncə, hamı yumruq kimi birləşəndən sonra qələbələri sıralamaq mümkündü.

- Karyeranın “Səbail” bölümü sənin üçün uğurlu alındı. Qolları sıraladın, özünü yaxşı tərəfdən göstərdin. Həmin “Səbail” bu gün çətin günlərini yaşayır. Ürəyin ağrıyır?
- Əlbəttə, bu mənzərəni görmək çoxları kimi, mənə də xoş deyil. Amma durumun belə davam edəcəyinə qətiyyən inanmıram. İnşallah, çətinliklər ən qısa zamanda geridə qalar və yenidən əvvəlki “Səbail”i görərik. Bir də ki, bu dəqiqə çətinlik təkcə “Səbail”də yox, hər yerdə var.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"