"Zirə"nin Syerra Leonedən olan müdafiəçisi Ali Sezay müqaviləsinin müddəti bitənə qədər komandasında qalacağını bildirib.
Sportinfo.az xəbər verir ki, "Lester"in keçmiş futbolçusu bunu ölkəsinin "Bokutok Podcast" radiosunda sualları cavablandırarkən deyib.
Azərbaycana gəlməzdən əvvəl bir çox ölkələrdə top qovan futbolçu gələn ilə qədər "Zirə"də qalacağına ümid etdiyini bildirib: "Mən Azərbaycana gəlməmişdən əvvəl bir neçə ölkədə oynamışam.
Burada daimi olmayacam, amma müqaviləmin müddətinin bitməsinə bir il qalıb. Beləliklə, daha bir il Azərbaycanda olacam. Bundan sonra karyeramda nələrin olacağını birlikdə görəcəyik".
Ali Sezay 2020-ci ilin yanvarında Bolqarıstanın "Arda 24 Kardjali" klubundan "Zirə"yə transfer edilib. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 30 iyun 2021-ci ilə qədərdir.

