Bu qədər baş məşqçi dəyişmək doğrudurmu?

1 İyul 2020 12:58 Zirə 1 592
Bu qədər baş məşqçi dəyişmək doğrudurmu?

«Zirə» rəhbərliyi dünən Zaur Həşimovla yolları ayırdı.

Yeni baş məşqçi axtarışına çıxmağa vaxt var. Çünki növbəti mövsümün nə vaxt start götürməsi qeyri-müəyyəndir.

Doğrudur, Peşəkar Futbol Liqasının nümayəndələri Premyer Liqanı avqustda başlatmaq istədiklərini açıqlayıblar, ancaq bu, sadəcə, niyyətdir, arzudur, planlaşdırılmış, artıq dəqiqləşdirilmiş plan deyil.

Koronavirus pandemiyasının səngimədiyi, xüsusi karantin rejiminin davam etməsi fonunda təşkilatçı qurumun gələn «futbol ili»nin açılışına hazırlaşması qeyri-mümkündür.

Biz yeni baş məşqçinin kimliyini bilmək üçün hələ bir müddət gözləyəcəyik. Bu «bir müddət» 1 gün də ola bilər, 1 həftə də, 1 ay da.

Bəlkə bir az da uzun çəkdi. Heç bir variantı istisna etmək olmaz. Vəziyyət tez-tez dəyişir, gah elə, gah belə olur. Komandanın ətrafında proseslər o dərədəcə sürətli və ziq-zaqlı inkişaf edir ki…

«Zirə» 2015-ci ildən Premyer Liqadadır. «Qartallar» ötən müddətdə 4 baş məşqçi dəyişib ki, bu da daim yüksək hədəflər uğrunda mübarizə aparan klub üçün «-» göstəricidir.

Qəsəbə təmsilçisi demək olar hər mövsüm bir məşqçi dəyişir və hər dəfə büdcəyə ziyan dəyir. Orxan Məmmədov «Zirə»nin inkişafı, böyüməsi üçün doğrudan da, çox çalışır, çox səy göstərir. Bir fəxri prezident olaraq daim klubla yaxından maraqlanır, belə deyək, onunla nəfəs alır.

Ancaq komanda artıq 3 ildir ki, avrokuboklardan kənarda qalır. Ayrılan büdcə artdıqca, kollektiv hədəflərindən bir o qədər uzaq düşür və buna təsadüf donu geyindirmək yersizdir.

Bir problem 3 il həllini tapmırsa, deməli, demək ki, idarəçilər işləri düzgün analiz etmir, lazımı nəticə çıxarmır. Ya da ki, əllərində daha vacib saydıqları başqa iş-güc var, kluba kifayət qədər zaman ayıra, uğursuz göstəricilərin gerçək səbəblərini incələyib tapa bilmirlər.

Bu, o qədər də mürəkkəb, labirint xüsusiyyətli problemlər toplusu deyil, əslində. Sadəcə, «Zirə»yə barmaqarasıyox, diqqətli yanaşmaq şərtdir. Hər işin başı ciddiyətdir.

Təəssüf ki, klubun bəzi rəsmiləri üzərlərinə aldıqları görəvin məsuliyyəti ilə, türklər demiş, «dalğa keçir». Belə durumda isə dəyişən yalnız məşqçilərdir.

Onları əlcəyə döndərənlər isə başına daş salınan büdcənin hesabatını vermir və görünür, belə bir fikirləri də yoxdur. Həşimov getməli idi. Bura onun yeri deyildi. Ümumiyyətlə, hansısa Premyer Liqa komandasının sükanı arxasıına keçmək onun üçün hələ çox tezdir.

Buna psixoloji cəhətdən hazır olması gərəkdir. Psixoloji hazırlığın yetərliyi təcrübə ilə ölçülür. «Qəbələ»dən ayrılmağa tələsdi, tələsənin isə təndirə düşməsi tam doğaldır.

«Zirə»dən gələn dəvəti şirin qoğal hesab eləyib yerindən dik atılan Həşimovu, yəqin ki, biz qarşıdakı 2-3 ildə bir də Premyer Liqada görməyəcəyik.

Özünü pis «xərclədi». Şərti şumda kəssəydi, güman ki, qısa müddətdə bunca neqativ hadisələrlə üzləşməzdi. Xarakterindəki boşluqlar, «yumşpq əl» onu «taxt»nı laxlatdı və bu da sonunu tez gətirdi.

Ötən ilin oktyabrında Samir Abasovu əvəzləyən Zaur Həşimov özündən əvvəlki baş məşqçinin tam tərsi olan tipajdır. Abbasov yersiz kobudluğu, o isə həlim xasiyyəti ilə özünü kollektivə tanıtdı. Futbolçular bundan sanki vakuuma düşdülər, «özlərirdən getdilər».

Həşimov heç bir əlinin əl-ayağını yığışdırmadı, daha doğrusu, bunu vaxtında etmədi. Abasovun həm ab-havasını, həm oyun sistemini korladığı komandaya yerində təsir gjöstərmədi, imüdaxilə etmədi.

Gəlmişdisə, bir neçə nəfəri gözüyumlu düşərgədən uzaqlaşdırmalı idi, qətiyyən gözləməli deyildi. Qətiyyət göstərməli, real səlahiyyət almalı, Orxan Məmmədovun istədiyi məşqçi olmalı idi.

Fəxri prezident bu keyfiyyətli birini komandasının sükanı arxasında görmək istəyir və arxasında dayanır. Həşimov özünü bu cür təqdim etmədi, edə bilmədi, göz qırpmadı. «Lal axan» məşqçi kimi tanıtdı, ümid vermədi.

Nizam-intizamı zəif komandanın uğuruna inam bəslənilməz. Həşimovun «Zirə» dövrü məhz bu cür yadda qaldı. Həm meydanda, həm də ondan kənarda intizam tədbirlərinin zəifliyini böyük təəssüf hissi ilə müşahimdə etdik.

Sarı və qırmızı vərəqələrin çoxluğu aysberqin o biri tərəfindən də xəbər verdi. Məlum etdi ki, futbolçular onların «ip»ini çəkməyən, özbaşnalıqlarına səssiz qalan baş məşqçini saymır,

Həşimov pulgir, «yan yollar»a baş vuran məşqçilər sinfinə daxil deyil. Haqqına girmək olmaz, doğru doğrudur. O, düz bildiyi kimi işləmək istədi, yandaşlarına mədəni münasibət bəsləidi, gərəkli məqamlarda sərt üzünü göstərmədi. Burunu «ovulmalı» futbolçulara dəymədi, fəqir-füqarını komandadan kənarlaşdırdı. Və həm də zamanında deyil, xeyli sonra.

Amma yenə də bilmək olmazdı ki, mövsüm davam etdirilsəydi, «Zirə» avrokuboklardan kənarda qalacaq. Yalnız top fərqinə görə «Sumqayıt»ı Premyer Liqada özündən irəli buraxan «qartallar» ölkə kubokunun yarımfinalına vəsiqə qazanmışdı.

Burada onları «Qəbələ» gözləyirdi. Finala adlasaydılar, böyük ehtimalla, «Qarabağ»la üz-üzə gələcəkdilər. Sözümüzün canı budur ki, şans «Zirə»nin öz əlində idi və pandemiyanı ən çox bu klubun rəhbərliyinin lənətləməsi başadüşüləndir.

Xəzər Hikmət

Xəbər Lenti