"Zirə"dən göndərilən futbolçu Zaur Həşimovdan gileyləndi

12 İyun 2020 16:42 Zirə 668
"Zirə"dən göndərilən futbolçu Zaur Həşimovdan gileyləndi

"Zirə"nin sabiq legioneri Anastasios Papazoqlu komandanın baş məşqçisi Zaur Həşimovdan narazılığını bildirib.

Sportinfo.az xəbər verir ki, futbolçu verdiyi müsahibəsində Zaur bəyin ona qarşı ədalətsiz davrandığını deyib. Nə komanda yoldaşları, nə də digər məşqçilərlə problemi olduğunu söyləyən yunanıstanlı müdafiəçi yalnız Həşimovdan gileylənib. O, açıqlamasında bunları söyləyib:

"Keçmişdə Ernesto Valverde, Leonardu Jardim, Mirça Luçesku kimi böyük baş məşqçilərlə işləmişəm. Peşəkar futbolçu olaraq Zaur Həşimova və qərarlarına hər zaman hörmət edirəm. O, ilk dəfə "Zirə"də baş məşqçi kimi işləyir. Mənə qarşı fərdi davranışının heç də ədalətli olmadığını gözardı edə bilmirəm. Bu cür qeyri-bərabər rəftarı qanuni səbəblərlə əsaslandırılmadığı üçün məyusam.

Səhv etdiyimə dair hansısa izahət verilmədi. Komandada heç kiminlə problem yaşamadım, hər kəslə yaxşı münasibətim var. Eyni zamanda yaxşı dostlar qazandım. Görünən odur ki, yalnız baş məşqçi ilə problemim olub".

Mütəxəssisin ona ədalətsiz davrandığını qabardan Papazoqlu bunun səbəbini də bilmədiyini deyib: "Bu sualın cavabını mən də bilmirəm. Əvvəldən qeyd etdiyim kimi, bu, baş məşqçi ilə bağlı məsələ idi. Aydın görünür ki, mənə şans vermək istəmirdi".

Futbolçu öz ölkəsinin mətbuatına qalmaqallı müsahibə vermədiyini də söyləyib: "Heç vaxt qalmaqallı müsahibə vermirəm. Həmin müsahibənin qalmaqallı olduğunu ilk dəfə sizdən eşidirəm. Həm klub, həm də Azərbaycan xalqı üçün deyəcək xoş sözlərim çoxdur". (report.az)

Xəbər Lenti