"Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov Sportinfo.az-a müsahibə verib.
- Elvin, koronavirusla mübarizədə spirt vurmaqdan əllərin yanıb, yoxsa baş verənləri o qədər də ciddiyə almırsan?
- Açığı, bu söhbətlər yeni başlayanda o qədər də ciddiyə almırdım. Amma sonradan virus ölkəmizdə yayılmağa başladı. Xəstə sayı çoxaldı. İndi evə gələndə, evdən çıxanda daim spirtdən istifadə edirəm. Artıq spirtdən istifadə etməyi vərdiş halına salmışam. Tək arzum tezliklə bu virus aradan getsin və əvvəlki həyatımıza davam edək.
- Neçə illərdi toplanışlarda, məşqlərdə, oyunlarda olurdun. Gözlənilmədən belə bir fasilə ilə üz-üzəsən. Futbolsuz qalmaq necə hissdir?
- Həqiqətən çox darıxdırıcıdır. İdman həyatı elədir ki, daim məşqlərdə olurduq, aktiv həyat tərzi yaşayırdıq. Birdən-birə belə olması çox pisdir. Çalışdığım qədər ev şəraitində idman hərəkətləri etməyə çalışıram. Amma nə qədər fərdi məşqlər etsək də, komanda ilə məşq etməyin yeri başqadır.
- Yəqin ki, boş vaxtın indi kifayət qədər çoxdur. Fərdi məşqlərdən əlavə başa nələrə vaxt ayırırsan?
- Daha çox evdə oluram. Lazım olanda 2 saatlıq icazə alıb evə lazım olan ehtiyacları almaq üçün marketə gedirəm. Köhnə oyunlarımıza baxıram. Demək olar köhnə oyunlarımızın hamısın izləmişəm (gülür). Arada filmlərə baxıram.
- Ən son hansı filmə baxmısan?
- Sonuncu baxdığım film "La Casa De Papel" olub. Hamı tərifləyirdi, baxdım, maraqlı kino idi.
- Bu qədər fasilədən sonra əvvəlki formanı bərpa etməyə, səncə, nə qədər vaxt lazım olacaq?
- Komanda məşqlərini heç nə əvəz edə bilməz. Bir aydı evdəyik. Məncə ən azı 2-3 həftə lazım olacaq.
- Çempionat davam etdirilsə, ən yaxşı halda oyunlar 3-4 gündən bir keçiriləcək. Çətin olmayacaq bu qədər fasilədən sonra davamlı oyunlara çıxmaq?
- Məncə, oyunçuların orqanizmindən çox şey asılı olacaq. Bədəndə bərpa kimdə tez getsə, o da öhdəsindən gələcək. Hər bir halda zədələr qaçılmaz olacaq. Əsas odur çempionat tezliklə başlasın. Futbol üçün çox darıxmışıq.

