Şir həmin şirdir - Bəs o dovşan hanı, niyə gizlədirsiz?

24 Aprel 15:00 Zirə 926
Şir həmin şirdir - Bəs o dovşan hanı, niyə gizlədirsiz?

Premyer Liqanın tanıtımı Peşəkar Futbol Liqası (PFL) tərəfindən çox zəif aparılır.

PFL-də əyləşənlər əsasən boş-boş işlərlə məşğuldur, təbliğat mənasında irəliyə doğru gerçək addımlar atmırlar.

Ayın ən yaxşı qolunu açıqlayırlar, bunu da tez-bazar edirlər, qurtardı. Ayın məşqçisi, futbolçusu və komandasını seçmək olar, məsələn.

Necə ki, İngiltərə Premyer Liqasında bu praktikadan illərdir istifadə olunur, amma təəssüf, bizim PFL mənsubları hələ də fil qulağında yatıb, yaxud da ki, əllərini ağdan-qaraya vurmaq istəmirlər.

Aylar üzrə nominasiya kimin nə və necə iş görməsinə güzgü tutar. Bu, eyni zamanda, yerli və əcnəbi məşqçilər, həmçinin azərbaycanlı və xarici futbolçular arasında rəqabətin bir qədər də artmasına səbəb olar.

Şərt o deyil ki, «ən yaxşı» elan olunsun. «Ən pis»ləri də açıqlamaq lazımdır.

Misalçün, aprel üzrə səsvermə olsa, Rəşad Sadıqovla Miodraq Bojoviçin və ya Kaxaber Sxadadzenin fərqi üzə çıxar.

«Zirə» bu ay həqiqətən mühüm sıçrayış əldə edib. Bu gün kubokun yarımfinal mərhələsinin cavab matçında da «Qəbələ»yə qalib gəlsələr (istənilən hesablı heç-heçə də yetərlidir), Sadıqovla ikinci dəfə final həyacanı yaşayacaqlar.

Premyer Liqada «Neftçi» üzərində qazanılan son qələbə də bir ayrıca tarixdir.

Hesabda məğlub duruma düşəsən, sonra 1:1 edəsən, axır 30 dəqiqəni 1 nəfər azlıqda keçirəsən, bununla belə, 2 qol vurub qələbə qazanasan…

Bu, gerçəkdən diqqətə alınması gərəkən hadisədir.

Ceyhun Nuriyevin «qırmızı» almasından 3 dəqiqə sonra eyni anda 4 əvəzetmə etmək ürək istəyir. Ağciyər məşqçi qorxar, burada isə görürsən ki, şir həmin şirdir.

Şirə də qiymət vermək lazımdır, dovşana da. PFL bunu etmək istəmirsə, biz edək.

Edək ki, çəkilən əziyyətlər, verilən zəhmətlər, axıdılan tərlər yerdə qalmasın.

Edək ki, min bir vədlə Azərbaycana gəlib böyük pullar qazananlar, əvəzində 1 qara qəpiklik iş görməyənlər bilinsin.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI