“Zirə”nin uğursuzluğunun əsas səbəbini deyən tapıldı

7 Mart 2020 00:42 Zirə 938
“Zirə”nin uğursuzluğunun əsas səbəbini deyən tapıldı

Sportinfo.az xəbər verir ki, “Zirə”nin başı dərddədir.

Qış fasiləsi ərəfəsində kifayət qədər inamlı görünən, ölkə kubokunda yarımfinala adlayan qəsəbə təmsilçisi 2020-ci ildə heç cür özünə bənzəmir.

Əslində ikinci yarı onlar üçün pis başlamamışdı və ilk oyundaca “Sabah”ı məğlub etmişdilər. Lakin sonradan nə baş verdisə, məğlubiyyətlər sıralandı.

Odu ki, “qartallar” son 4 matçı yenilgiylə başa vurublar. Xüsusən “Qəbələ” ilə ötən həftəsonu baş tutan matç ortaya bəzi suallar çıxardı. Halbuki meydan sahibləri hesabda öndə idi və son dəqiqələrə kimi qələbəyə yaxın görünürdülər.

Vəziyyət belədisə, komandanın daxilində mütləq bilmədiyimiz nəsə var. Sözsüz, həmin “nəsə”ni bizə heç kim deməyəcək - nə məşqçilər, nə də futbolçular.

Yenə də ümumi duruma nəzər salmaq, bizi maraqlandıran suallara cavab tapmaq üçün “Zirə”nin aparıcı və təcrübəli futbolçusu Adrian Skarlatakeni aradıq (Futbol+).

- Son oyundan sonra əhval-ruhiyyənizin yerində olması inandırıcı deyil.
- Təbii ki, məlum vəziyyət heç kimin ürəyincə deyil. Hesabda öndə olduğumuz halda növbəti dəfə qələbəni əldən verdik və qələbəsizlik seriyası 4 oyuna çatdı. Uduruq, oyuna nəzarət əlimizdədi, hər şey yaxşı gedir və bir anda 40 metrdən qapımızda qol görürük. Bəxtsizlikdi, ya nədi – özüm də bilmirəm.

- Məğlubiyyətə layiq deyildiz?
- Xeyr, qətiyyən. İnanılmaz dərəcədə mükəmməl oynadığımızı da deyə bilmərəm. Hər halda, həmin gün hansı hava şəraitində oynadığımızı gördüz. Ən pis halda 1 xal qazanmalıydıq.

- 40 metrdən buraxılan həmin qol. Təbiətin şıltaqlığı, yoxsa qapıçının kobud səhvi?
- Əlbəttə, topun qapıdan keçməsində küləyin də xüsusi “rolu” oldu. Açıq danışaq, qolu vuran futbolçu asma etmək istəyirdi, qapıya zərbə vurmaq yox. Amma istənilən halda biz futbolçulardan heç kim yaxasını kənara çəkə bilməz. 40 metrdən vurulan zərbə rahat “çərçivə”yə qədər gedib çıxırsa, tək qapıçı yox, biz də günah sahibiyik. Premyer-liqadan danışırıqsa, bu cür qollar buraxmağa haqqımız yoxdu.

- Maraqlıdı ki, həmin oyundan sonrakı mətbuat konfransında baş məşqçiniz Zaur Həşimov “az qala qapımıza gedən hər zərbə qolla nəticələnir. Meydanda legioner oynatmaq üçün məcburam ki, Orxanı qapıya qoyum” açıqlaması ilə diqqəti çəkmişdi. Sən isə qapıçının suç sahibi olmadığını deyirsən.
- Görünür, baş məşqçi ümumi mənzərədən danışıb. Bəli, onu düz deyir ki, az qala qapımıza gedən hər top qolla nəticələnir. Lakin dediyim kimi, bu təkcə Orxana görə deyil. Rəqib təzyiq edirsə, qapına qol vurursa, deməli, meydanda olan 11 futbolçunun hər biri günahkardı. Təkcə “Qəbələ” ilə matçda buraxdığımız iki qola diqqətlə baxın. Yalnız Orxanın nöqsanının olmadığını görəcəksiz. Bilirsiz, burda psixoloji amil də rol oynayır. Bir oyun uduzduq, növbəti matçda qələbə üçün hədsiz istəkli olub “yandıq”. Ardınca həmin 2 məğlubiyyəti unutdurmaq üçün tələsdik. Və beləcə, indiki durum yarandı. Ard-arda uduzanda istər-istəməz üzərində təzyiq olur, tələsirsən, həyəcanlanırsan, əsəbləşirsən.

- “Zirə” Emil Balayevlə mövsümün sonuna qədər müqavilə bağladı. Heç şübhəsiz, sizin üçün xoş xəbərdi.
- Həm bizim, həm də Emilin özü üçün yaxşı oldu və ya olacaq. Balayev bəyəndiyim qapıçılardandı, yığmaya müntəzəm dəvət alır. Nəyə qadir olduğunu hamımız bilirik. Ümid edirəm ki, karyerasının ən yaxşı oyunlarını “Zirə”də keçirəcək (gülür).

- Bilirsən, nə maraqlıdı? İkinci yarıya “Sabah” üzərində qələbə ilə başlasaz da, sonradan məğlubiyyətlər sıralandı. Nə baş verdi? Sanki komandanın içində bilmədiyimiz nələrsə var.
- Sizi inandırım, heç nə yoxdu. Hər şey qaydasındadı. Rəhbərlik öhdəlikləri yerinə yetirir, məşqçilər heyəti uğur qazanmağımız üçün çox çalışır. “Nə baş verdi” sualına konkret fakt göstərmək də çətindi. Səbəbini bilsəydik, çıxış yolu tapardıq. Şəxsi fikrimi bilmək istəyirsizsə, mən bunu itkilərlə əlaqələndirirəm. Antalyada yaxşı toplanış keçmişdik. Baş məşqçi özü üçün heyət müəyyənləşdirmişdi və həmin heyətlə “Sabah”ı məğlub etdik. “Sumqayıt”la qarşılaşmada hesab 1:1 olarkən azlıqda qaldıq, ardınca Ağabala da “qırmızı” aldı. Növbəti oyun çempionatın ən güclü komandası “Qarabağ”a qarşı idi. İlkin və Ağabala yox idi, Cavid “qırmızı” aldı, üstəlik, rəqibin gücü sözünü dedi. “Keşlə” ilə oyuna yenə itkilərlə çıxdıq, bu dəfə Cavid, Ağabala və Tellur komandaya kömək edə bilmədi. “Qəbələ” ilə matç və yenə itkilər: Cavid, Tellur, Mfo. Futbolda oturuşmuş heyət vacib amildi. Hər oyuna fərqli heyətlə çıxırsansa, istər-istəməz çətinlik çəkəcəksən. Tək bizdə yox, bütün komandalarda, dünyada belədi. Daim eyni “11-lik” olanda baş məşqçiyə də asan olur, biz futbolçulara da. Yenə deyirəm, bu mənim fikrimdi.

- Dediyin vacib amildi. Lakin istənilən halda qış fasiləsində yetərincə güclənən “Zirə” ardıcıl dörd oyunda məğlub olmamalıydı. Çünki bundan da zəif heyətlə qışa qədər daha inamlı görünürdüz.
- Bunun özü də dediyim fakta söykənir, oturuşmuş heyət məsələsi. Noyabr və dekarda uğurlu görünürdük, çünki demək olar, eyni heyətlə oynayırdıq. Fasilədə dəyişikliklər oldu ki, bu da istər-istəməz özünü göstərməkdədi. Bəli, heyətimiz yaxşıdı, amma yenilərin uyğunlaşması üçün vaxt lazımdı. “Qəbələ”yə baxın, onlar da fasilədə aparıcı futbolçularını itirdilər, əvəzində yenilər cəlb olundu. Xeyli sayda legioner transfer etdilər. Lakin bizimlə qarşılaşmaya qədər 4 oyunda qalib gələ bilmirdilər. Dəyişiklik olan komandada istənilən halda zamana ehtiyac duyulur. Müdafiə xəttinə yeni oyunçular gəlib, yarımmüdafiəçilərimizdən 3-ü yenidi. Ona görə də vaxt lazımdı.

- Vaxta ehtiyac duyursuz, amma vaxt sizi gözləmir.
- Tam doğrudu. Belə deyim, vaxta ehtiyacımız var, amma vaxtımız yoxdu. Məncə, düzələcək, belə getməyəcək. Qarşıdakı oyunlarda bəzi futbolçular komandaya qoşulandan sonra durum yaxşılaşacaq.

- Və “Zirə” çempionat yolu ilə avrokuboklara vəsiqə uğrunda mübarizəyə qoşulacaq?
- Məğlubiyyət limitimiz dolub. Qarşıda bizi “Səbail”lə oyun gözləyir. Nə olur-olsun, qalib gəlməliyik. Bu oyunda qazana biləcəyimiz 3 xal çox şeyi dəyişəcək. Həm turnir cədvəlindəki durumumuz, həm də komandadakı ab-hava yaxşılaşacaq. Bizə həvəslənmək üçün stimul lazımdı, o stimul da “Səbail”lə qarşılaşmadakı mümkün 3 xaldı.

- “Səbail”lə oyun finala bərabər olacaq. Uduzsaz, çempionatdan əlinizi üzəcəksiz, udsaz, rəqiblərinizə “biz də varıq” deyəcəksiz. Razısan?
- İcazə verin, bu fikrinizlə razılaşmayım. İlk “3-lüy”ü demirəm, bu dəqiqə 4-cü sıradakı “Sumqayıt“la aradakı xal fərqi cəmi 3-dü. Bu isə futbolda ciddi fərq sayılmır. Ona görə də “Səbail”lə görüşdəki nəticənin nəyincə sonu olacağını düşünmürəm.

- 4-cü pillə deyirsən, lakin həmin yerin sahibi sonda Avroliqaya həsrət qala bilər.
- Bilirəm. Amma biz kubok mübarizəsini də davam etdiririk. Kubokda finala yüksəlmək bizə böyük üstünlük verəcək. Çünki finalda qalib gəlsək, birbaşa Avroliqaya yollanacağıq, hətta finalda uduzub, çempionatı 4-cü pillədə başa vursaq, yenə bu imkanımız olacaq. Ona görə də taleyimiz öz əlimizdədi. Premyer-liqada 4-cü pilləyə can atmalı, kubokda finala yüksəlməliyik.

- Final arzusunu dilə gətirirsən, yəqin ki, yarımfinaldakı rəqibin bir neçə gün öncə uduzduğunuz “Qəbələ” olduğunu unudursan.
- Xeyr, unutmuram. Yaxşı bilirəm ki, onların da belə bir arzusu var. Ona görə qeyd etdim ki, hər şey öz əlimizdədi. Kubok oyunlarına bir ay vaxtımız var. O vaxta qədər komanda öz oyununu yaxşılaşdırıb, əsas heyətlə meydana çıxsa, istədiyimiz nəticəni əldə edə bilərik. Çox çətin olacaq, amma mümkünsüz də deyil.

- Çempionatın səviyyəsi necədi, xoşuna gəlir?
- “Qarabağ”la “Neftçi”nin büdcəsini və heyətini nəzərə almasaq, qalan 6 komandanın səviyyəsi eynidi. Fikrimcə, maraqlı çempionat gedir. Bundan da yaxşı ola bilərdi, yaxud ola bilər. Amma indiki mübarizə də pis deyil.

- Əminəm ki, sən də 7-8 il əvvəlki çempionat üçün darıxırsan.
- Ən yaxşısı o günləri yada salmayaq. Həqiqətən Azərbaycan futbolu və inkişafı adına möhtəşəm vaxtlar idi. Çempionluq uğrunda 4-5, bəzən 6 komanda mübarizə aparırdı. Hətta sonuncu tura qədər kimin qalib olacağı bilinmirdi. Mövsümün başa çatmasına 3-4 tur qalmasına baxmayaraq, sonuncu pillədəki komanda da Avroliqa şansını saxlayırdı. “Xəzər Lənkəran”, “Bakı”, “Simurq”, AZAL kimi komandalar çempionata rəng qatırdı. Çox xoş xatirələr idi... Eşitdiyimə görə, növbəti mövsümdə “Kəpəz”lə “Turan Tovuz” elitaya qayıdacaq, komanda sayı 10 olacaq. Belə olarsa, ancaq sevinmək lazımdı. Həm saya, həm də bölgələrdə baş tutacaq maraqlı oyunlara görə.

- “Xəzər Lənkəran”la pul davan nə yerdədi? Ala biləcəksən?
- Bu barədə heç nə danışmaq istəmirəm. Daha doğrusu, danışmaq imkanım yoxdu. Proses davam edir və buna görə də vəkilim mənə susmağı tapşırıb. Çünki bütün işlərlə özü məşğul olur. Verəcəyimiz hansısa açıqlama yanlış anlaşılar ki, bu da prosesin axarına mane olar. Bəli, “Xəzər Lənkəran”dan alacağım var və buna görə aidiyyatı qurumlara şikayət etmişəm. Hələ ki bunu deyə bilərəm. Məsələyə nöqtə qoyulsun, söz verirəm, hansı sualı versəz, cavablandıracam.

- Söhbət 350 min dollardan gedir?
- Xeyr, bu məbləğ deyil.

- Çoxdu, ya az?
- Çoxdu.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"