"Yalan danışmış olaram, istədiyim deyiləm" - MÜSAHİBƏ

20 Dekabr 2019 13:54 Zirə 561
"Yalan danışmış olaram, istədiyim deyiləm" - MÜSAHİBƏ

Sportinfo.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gələrək, yarımfinala yüksələn "Zirə"nin kapitanı Cavid Hüseynov danışıb.

- Ancaq qələbə istəyirdim. Bir an boşalmaq olmazdı, çünki rəqib cəzalandıra bilərdi.

- Bu gün çox aqressiv görünürdünüz. Əvəzlənməyinizi bunun üçün istəmişdiniz?

- Bunu bilmirəm. Zaur Həşimovun fikridir, hörmətlə yanaşıram. Əvəzlənməyəcək futbolçu olduğumu düşünmürəm. Yenə də əvəz edilməyim xoş deyildi, amma məşqçinin qərarıdır.

- Əsas da Riçard Qadzeyə əsəbləşirdin.

- Qadze ilə elə epizodum olmadı. İki hücumçu ilə idik. İrəlidə daha kəsərli ola bilərdik. “Səbail”ə çempionatda 4:1 hesabı ilə qalib gəldiyimiz oyunun effektini istəyirdim. O da bu gün alınmırdı.

- Çempionatda “Səbail”ə 4 qol vursanız da, “Səbail”i kubokda iki 90 dəqiqəyə məyus edə bilmədiniz. Bunun səbəbi nədir?

- Aftandil Hacıyev yəqin ki, bunun üzərində işləyib. Əvvəlki oyunlarla müqayisədə, “Səbail” bizi birinci zonada qarşılayırdı. Müdafiədəki oyunçularımız topu özlərində saxlayan kimi üzərlərinə gəlirdilər. Belə halda bizə ötürə bilmirdilər. Elə zamandır ki, şükürlər olsun, hamısı savadlı məşqçilərdir. Analiz edirlər, işlərini bacarırlar. Çətinliyimiz buna görə oldu.

- Mövsümün ilk yarısını “Zirə” üçün necə dəyərləndirmək olar?

- Çempionatda yaxşı ola bilərdik. İlk 4 pillədə olsaydıq, daha yaxşı sayılardı. 5-ciyik və “Sumqayıt”dan 1 xal geri qalırıq. Hələ heç nə bitməyib. Bu da qane edir, fərq bir xaldır. Çalışacağıq ki çempionatda və kubokda uğurlu çıxış edək. Daha yaxşı ola bilər, amma heç nə bitməyib.

- Bəs özünüz barədə?

- Belə də... İstədiyim Cavid deyiləm.

- Milli komandanın baş məşqçi postuna Robert Prosineçki namizədlərdən biridir. Sizin fikriniz necədir?

- Prosineçkinin üzərində daha çox dayanırlar. Onun rəhbərliyi altında oynamışdım. Heç kim ondan narazı olmayıb. Gələrsə, xoş olardı.

- Tərlan Əhmədovla Samir Abasov yığmanı çalışdırmağa hazırdırlar?

- Özlərindən soruşsanız, daha doğru olar. Desəm ki hazırdırlar, yalan deyərəm. Hazır olmadıqlarını desəm, bu da pis çıxar. Özləri ilə danışmaq lazımdır.

- Qurban Qurbanovun rəhbərliyi altında milli uğur qazanmadı. Sizcə, digər yerli çalışdırıcı ilə milli komandamız nə edə bilər?

- Cavab verməyə çətinlik çəkirəm. Yalan danışmaq istəmirəm. Bəlkə də nəticə verə bilərlər, bəlkə də yox, bilmirəm. İşləsələr, bilmək olar. Zamanla bilmək olar ki, doğru seçimdir, ya yox.

Xəbər Lenti