"Zirə"li: "Azərbaycanı orada mənə görə yaxşı tanıyırlar"

15 Dekabr 2019 22:50 Zirə 727
"Zirə"li: "Azərbaycanı orada mənə görə yaxşı tanıyırlar"

Sportinfo.az xəbər verir ki, "Zirə"nin botsvanalı hücumçusu Mfo Kqasvane səfərdə "Səbail" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk 1/4 final oyunundan sonra brifinq keçirib.

- Premyer Liqanın son turunda "Səbail"i 4:1 hesabı ilə yenmişdik. Lakin çempionat və kubok oyunları bir-birindən kəskin fərqlənir. Həmin o yaxşı oyundan sonra kubok matçında belə nəticəni səfərdə çıxış etməyimizlə əlaqələndirərdim. Kubok qarşılaşmaları iki oyundan ibarət olur. Bu, səfər heç-heçəsi olduğu üçün məncə, yaxşı nəticədir.

- Amma cavab oyununda evdə buraxacağınız bir top işlərinizi daha da çətinləşdirə bilər...
- Təbii ki, 0:0 hesabı elə də yaxşı hesab oluna bilməz. Çalışacağıq ki, ev oyunumuzda da heç bir top buraxmayaq və rəqib qapısı qarşısında qol vəziyyətləri yaradaq.

- Cavab oyununa proqnozunuz necədir?
- Futbolda hər şey baş verə bilər. Ona görə də heç bir proqnoz verə bilmərəm.

- Oyun zamanı bir neçə zərbə endirdiniz. Amma bu, bütün qarşılaşmalarda baş vermir. Niyə?
- Qol vəziyyətləri yarada bilməməyimizi uzaqdan zərbələrin azlığı ilə əlaqələndirməzdim. Sadəcə, bu gün oyun epizodunda şərait yarandı və mən də yerinə yetirdim. Önündə boş zona, dəhliz görürsənsə, zərbə endirməlisən. Bugünkü qarşılaşmada bir neçə epizodda belə hal baş verdi. Yəni uzaqdan zərbələr sırf oyun epizodlarından asılıdır.

- Bir epizodda rəqibin müdaxiləsindən sonra yerə yıxıldınız. Həmin epizodda penalti var idi? Var idisə, niyə reaksiya vermədiniz.
- Məncə, həmin epizodda penalti var idi. Sadəcə, anında qərar verib etiraz edə bilmədim. Çünki referi davam qərarı vermişdi.

- Botsvana yığmasına gedib-qayıtdıqdan sonra "Zirə"nin heyətində oynamağa gücünüz qalır?
- Təbii ki, çox yorucudur. Ümumi səyahətim 14-15 saat çəkir. Lakin edəcəyim bir şey yoxdur. Bu, həyatımın seçimidir.

- Ölkənizdə Azərbaycanı tanıyırlar?
- Əlbəttə. Azərbaycanı Botsvanada mənə görə yaxşı tanıyırlar. Bu ölkəyə gələn ilk botsvanalı futbolçuyam. Təbii ki, buna görə həmvətənlərim Azərbaycanı izləyəcək, maraqlanacaq və tanıyacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti