"Hamı evinə çörək aparır, bu cür iş görmək yaxşı deyil"

5 Dekabr 2019 12:10 Zirə 868
"Hamı evinə çörək aparır, bu cür iş görmək yaxşı deyil"

"Zirə"nin qapıçısı Orxan Sadıqlı Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qaradağ-Lökbatan"la oyunundan sonra Sportinfo.az-a müsahibə verib:

- Oyunun sizin üçün çətin alınması nə ilə əlaqədar idi?
- Əslində oyun gözlədiyimiz kimi keçdi. Çünki dəyişikliklərimiz çox idi, əvəzedici heyətdən gələnlərimiz var idi. Belə oyunlarda bir az səbrli olmaq lazımdır. Allah göstərməsin, rəqib bir qol vursa, sonra daha çətin olur. Ancaq istədiyimiz kimi alındı. İkinci yarı 1-2 dəyişikliyimiz oldu. Nəticədə də qalib gəldik. Yəni, oyunun bu cür keçməsi gözlənilən idi. Cavanlarımız təcrübəsiz idi, onlara görə oynamaq lazımdır ki, gələcəyin "Zirə"si üçün "siqnal" versinlər, "işıq" versinlər. Qələbə qazandığımıza görə sevinirik.

- Qapıçı kimi işsiz qaldığın bu cür oyun olmuşdu?
- Bu cür epizodsuz oyunlar daha çətin olur. Çünki soyuq olursan, oyunu hiss etmirsən. Gərək, o qədər güclü konsetrasiyan olsun ki, hər epizodu izləyəsən, çox danışasan. Mən də bu təcrübəni keçmişəm. "Xəzər Lənkəran"da, "Keşlə"də də olub. Komandama az da olsa, xeyrim dəydisə, şadam.

- "Səbail"lə biri çempionat, ikisi kubok oyunu olmaqla üç dəfə qarşılaşalacaqsız. Hər üç matçda qalib gələ bilərsiz?
- Əlbəttə. Üç oyunda da qalib gəlmək istəyirik. İndi ən vacib oyun çempionatdakıdır. Çünki həmin oyunda qalib gəlmək istəyirik ki, daha sonra kuboku fikirləşək. Əlimizdən gələni edəcəyik ki, "Səbail"i məğlub edək.

- Yavaş-yavaş özünə gəldiyini, Boyan Zoqoviçi əsas heyətdən sıxışdırıb çıxardığını demək olar?
- Bu, kollektiv oyundur. Oynadın, ya oynamadın - məşqi yüksək səviyyədə etməlisən və ehtiyatda oturduğun vaxtda da hazır olmalısan. Mən də buna çalışıram. Bu gün mən oynayaram, sabah Boyan. İndi "Zirə"dəyəmsə, demək, komanda üçün ən yüksək çıxışımı göstərməliyəm. Düzdür, əvvəllər çox səhvlər etmişəm. Xüsusən də "Xəzər Lənkəran"da. Amma indi başa düşürəm ki, həmin səhvlər mənə təcrübə qazandırıb. İnşallah, daima irəli getmək haqda düşünürəm, buradan da milliyə.

- Ölkə kubokunda finala qədər qarşınıza "Qarabağ" və "Neftçi" çıxmayacaq. Onlarla ən yaxşı halda finalda qarşılaşa bilərsiz. Bu mənada bəxtinizin gətirdiyini demək olar?
- Hansı komandanın düşməsinin bizim üçün elə də fərqi yoxdur. Əsas öz oyunumuzdur. Oyuna necə hazırlaşırsan, necə konsentrasiya olursan, ondan çox şey asılıdır. "Sumqayıt" elə keçən tur "Qarabağ"ı uddu. Hamı bir-birini uda bilər.

- Oyunların alqı-satqı edilib-edilməməsini araşdırmaq üçün həm "Sabah" - "Ağsu", həm də digər oyunlar xüsusi nəzarətlə izlənilirdi...
- Daha çox izlənilsin. Düzdür, mənim işim deyil. Amma biz də mətbuatı oxuyuruq. Mənim üçün də xoş deyil. Gərək, hər şey ən yüksək səviyyədə olsun. Belə bir şey varsa, qoy bilinsin, hər kəs də görsün. Hamı evinə çörək aparır, bu cür iş görmək yaxşı deyil. Nə də varsa da, tez bir zamanda açığa çıxsın və hamı bilsin.

Mirbağır CƏFƏRLİ

Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı