"Qarabağ-APOEL duelində layiq olan qazansın" - Yunan futbolçu

23 Oktyabr 2019 20:05 Zirə 770
"Qarabağ-APOEL duelində layiq olan qazansın" - Yunan futbolçu

"Zirə"nin yunanıstanlı futbolçusu Anastasios Papazoqlu Sportinfo.az-a müsahibə verib. Əvvəllər APOEL-in də formasını geyinmiş 31 yaşlı müdafiəçi Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək “Qarabağ” – APOEL oyunu haqda da danışıb.

- "Zirə" son turda "Neftçi"yə 0:3 hesabı ilə uduzdu. Məğlubiyyəti unuda bilmisiz?
- Bəli, “Neftçi”yə uduzduq. Rəqib bizdən daha yaxşı təsir bağışladı. Ona görə də üç xalı qazanan “Neftçi” oldu.

- Komandada baş məşqçi dəyişikliyi baş verdi. Samir Abasov getdi, əvəzinə Zaur Həşimov gətirildi. Bu dəyişiklik sənin üçün gözlənilməz oldu?
- Futbolda belə şeylər baş verir. Əgər bir komanda yaxşı davam etmirsə, o zaman yeni baş məşqçi gəlir. Zaur Həşimov fərqli futbol fəlsəfəsinə malikdir. Ümid edirəm ki, hər şey komandamızın lehinə işləyəcək.

- Qarşıdakı turda rəqibiniz “Sabah” olacaq. Hazırda turnir cədvəlinin son pilləsində qərarlaşan rəqibinizi məğlub edə biləcəksiz?
- Biz elə indidən “Sabah”la oyuna köklənmişik. Bir-birimiz üçün mübarizə aparacağıq. Məhz bu halda istənilən rəqibə qalib gələ bilərik.

- “Olimpiakos” və APOEL-in heyətində avrokuboklarda oynamısan. “Zirə”nin heyətində avrokuboklarda oynamağı mümkün sayırsan?

- Mən “Zirə”yə avrokuboklara vəsiqə qazanmaqda kömək etmək üçün gəlmişəm. Məqsədimiz budur və hamımız da bunu həyata keçirmək istəyirik.

- Hazırda Azərbaycanda oynayan yunanlardan biri sənsən, digəri isə “Neftçi”dəki Vangelis Platellas. Onunla münasibətin necədir?

- Bəli, Platellasla mən hazırda ölkənizdə çıxış edən yunan oyunçularıq. Ötən mövsüm Platellasla “OFİ Heraklion” klubunda birlikdə oynamışıq. Amma düzü, Platellasla Bakıda elə də çox vaxt keçirmirik.

- APOEL-in heyətində çıxış etmisən. “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində APOEL-lə qarşılaşacaq. Səncə, Azərbaycan klubu APOEL-i Bakıda məğlub edə bilər?
- “Qarabağ” – APOEL oyunu çox gərgin alınacaq. Hər iki komandada yüksək səviyyəli oyunçular var. “Qarabağ” isə ev sahibi komanda kimi çox güclüdür.

- Maraqlıdır, oyuna baxmağa gedəcəksən? APOEL-ə azarkeşlik edəcəksən?
- Həmin gün vaxtım olsa, məşqimiz olmasa böyük ehtimalla matçı izləmək üçün stadiona gedəcəm. Çox maraqlı oyun olacaq.

- "Zirə”nin heyətində “Qarabağ”a qarşı oynamısan. APOEL-in də futbolçusu olmusan. Müqayisə aparsaq, hansı komandanı daha güclü hesab edirsən?
- Qeyd etdiyim kimi, hər iki komandanın heyətində kifayət qədər keyfiyyətli oyunçular var. Layiq olan komanda qələbə qazansın.

Mir Bağır

Digər Xəbərlər
Xəbər Lenti