"Ustalıq səviyyəsi açıq futbol oynamağa imkan verməlidir" - Cavid Hüseynov

17 Oktyabr 2019 16:45 Zirə 918
"Ustalıq səviyyəsi açıq futbol oynamağa imkan verməlidir" - Cavid Hüseynov

“Zirə”nin kapitanı, millimizin yarımmüdafiəçisi Cavid Hüseynov Sportinfo.az-a müsahibə verib:

- Millimiz Macarıstanla görüşdən məğlub ayrıldı. Son dəqiqələr daha diqqətçəkən alındı. Qol vursanız da, baş hakim qeydə almadı. Həmin oyun sənin üçün necə yadda qaldı?
- Düzdü, oyunu yüksək səviyyədə oynamadıq. Komanda şəklində müdafiəyə oturduq. İnanırdıq ki, gec-tez qol vuracağıq. Qolumuzu da vurduq. Təəssüflər olsun ki, baş hakim qolu saymadı. Biz nəticəyə oynayırdıq. Nəticə qazanmaq üçün sona qədər vuruşduq. İstədiyimizi əldə etmişdik. Sadəcə hakim xalımızı əlimizdən aldı.

- Milli komandamızın hazırda aktivində cəmi bri xal var. Qrupu bir xalla başa vurmaq təhlükəsi olduğu hiss edirsiz?
- Qarşıda hələ iki oyunumuz qalıb. Biz də başa düşürük ki, bir xal adamı məyus edir. İstəyərdik ki, xallarımızı artıraq.

- Uels və Slovakiya oyunlarından nə gözləyək?
- Evdə Uelsi qəbul edəcəyik. Kimlərsə tərəfindən hər nə qədər real görünməsə də, biz Uelsi evdə məğlub etmək istəyirik.

- Maraqlıdır ki, Ramil Şeydayev mətbuata, “oyunumuza görə utanıram, hakim səhvindən yox oyunumuzdan danışmalıyıq” kimi açıqlama verib. Onun fikirlərilə razısan?
- Mən də tərəfdarıyam ki, açıq futbol oynayaq. Sadəcə açıq futbol oynamaq istəyiriksə, bütün futbolçular ayrı-ayrılıqda da özlərinə inanmalıdır. İnam yüksək səviyyədə olmalıdır. Üstəlik, ustalıq səviyyəsi də açıq futbol oynamağa imkan verməlidir. Ki rəqib bir dəfə hücum edəndə, ikinci dəfə biz hücum edək. Ona görə də indiki durumda bu bir az çətin məsələdir. Biz bunu bacararıq, ya yox? Onu deyə bilmərəm. İstəsək, məncə, bu bizdə alınar.

- "Zirə”nin baş məşqçi postunda Zaur Həşimov dəvət edildi. Onunla danışığınız yəqin olub. Nələr haqda danışmısız?
- Bəli, komandanın məşqlərindəyəm. Zaur Həşimovla tanışlığım var. Onunla “Qəbələ”də oynayandan münasibətimiz yaranıb. İnanıram ki, həm Zaur müəllim üçün, həm də “Zirə” üçün hər şey uğurlu olacaq.

- Bu həftə rəqibiniz “Neftçi”dir. Səncə, səfərdə oynamağınıza baxmayaraq onlara qalib gələ biləcəksiniz?
- Bizi çətin səfər oyunu gözləyir. Çətin olması ilə bərabər, həm də maraqlı da oyun olacaq. İlk dövrədə evdə “Neftçi”ni məğlub etmişdik. Həmin oyun da çox ağır alınmışdı, çətin keçmişdi. Amma biz qalib gələ bilmişdik. Bu dəfə səfərdə oynayırıq, çox çətin olacaq.

- İkinci dövrədə komanda turnir cədvəlində yüksələ biləcək?
- “Zirə”nin məqsədi avrokuboklara vəsiqə qazanmaqdır. Biz bunun üçün əlimizdən gələni edirik. Çünki həmin vəsiqəni qazanmaq asan deyil. Ümid edirəm ki, istədiyimizi qazana biləcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı