"Zirə"nin büdcəsində o məşqçiyə veriləcək pul yoxdur" - Zaur Həşimov

14 Oktyabr 2019 20:38 Zirə 993
"Zirə"nin büdcəsində o məşqçiyə veriləcək pul yoxdur" - Zaur Həşimov

"Zirə"nin yeni baş məşqçisi Zaur Həşimov Sportinfo.az-a müsahibə verib.

- Təyinatınız bir neçə gün öncə gerçəkləşsə də, köməkçiləriniz hələ bilinmir. Bu məsələyə nə vaxt aydınlıq gələcək?

- Bu məsələ hələ açıq olaraq qalır. Hazırda danışıqlar gedir. Yaxın günlərdə buna aydınlıq gəlməlidir.

- Bildiyimiz qədər vaxtı ilə U-18 yığmasında köməkçiləriniz olmuş Azər Məmmədovla Aleksandr Qrossa dəvət göndərmisiz...

- Əsasən işsiz olan, əvvəllər Azərbaycanda işləmiş əcnəbi məşqçiləri komandamda görmək istərdim. Amma bəziləri yaxşı yerlərdə çalışır. Hələlik vəziyyət belədir. Çalışıram ki, heç kimin adı hallanmasın. Çünki etik baxımdan doğru deyil. Amma çıxış yolum qalmasa, onlara da müraciət etməli olacam. Tək işləmək çox çətindir. Düzdür, hazırda yanımda akademiyadan bir məşqçi var. Lakin görürsən ki, o effekti vermir. Rəhbərliklə danışıb müzakirə edirik ki, ən yaxşısı olsun. Hələ ki, heç kimə rəsmi təklif olmayıb.

- Qeyd etdiz ki, vaxtı ilə ölkəmizdə işləmiş əcnəbi mütəxəssislərə də müraciət edə bilərsiz. Maraqlıdır, siyahıda kimlərin adları var?

- Əslində onları bura gətirmək çətindir. Yaxşı mütəxəssislərdir. Vaxtı ilə Azərbaycan futbolunda yaxşı pul olub, gəlib işləyiblər. Hazırda "Zirə"də 2-ci, 3-cü məşqçiyə veriləcək büdcə o qədər deyil ki, əmin addımlar ataq. Sadəcə, ideya kimi beynimə gəlib. Bir-ikisini araşdırmışam. Gizlətməyim, o vaxt "İnter"də (indiki "Keşlə") işləmiş İvan İvanovski ilə maraqlanmışam. Özünün xəbəri yoxdur. Hazırda Rusiya Premyer Liqasında çıxış edən "Ural"da çalışır. Yaxşı məvacib alır. Ona görə də bu ideyanı həyata keçirmək çətin olacaq. Çünki bizim büdcədə o məşqçiyə veriləcək pul yoxdur. Maksimum 2 günə ən azı bir köməkçi götürməliyəm. Ayın 20-də bizi çətin oyun gözləyir. Ona kimi bir nəfər tapmalıyıq.

- Yəqin ki, rəhbərliklə "Zirə"nin hədəfləri barədə danışığınız olub. Maraqlıdır, qarşısınıza hənsı vəzifə qoyulub?

- Klubun Avroliqa hədəfi dəyişilməz olaraq qalır. Mənə deyilməyib ki, konkret olaraq, komandanı Avropa Liqasına aparmalısan. Amma mən də bilirəm ki, hara və nə üçün gəlmişəm. Əgər komandanın məqsədi Avroliqaya düşməkdirsə, mən də bunu dərk edirəm. Nəticəyə nail olmaq üçün maksimum çalışmalıyıq.

- Komanda ilə az da olsa, tanışsız. Sizcə, nə kimi çatışmazlıqlar var?

- Bilirsiz, baş məşqçi dəyişikliyi olanda futbolçuların beynində sanki "format" gedir. Çünki hər məşqçinin özünəməxsus istəyi olur. Mən çalışacam ki, hər şeyi kökündən dəyişməyə cəhd etməyim. Futbolçuların bildiklərini daha sadə hala gətirmək istəyirəm. Vaxtımız da yoxdur. Amma istək, qələbə ruhu formalaşdırmaq üçün daha çox çalışacam.

- Hazırda sizi ən çox narahat edən amil nədir?

- Zədəlilərimiz çoxdur. Düzdür, bəziləri fərdi məşqlərə başlayıb. Amma hələ formada deyillər. Bu, böyük problemdir.

- "Zirə"nin sükanı arxasında ilk rəsmi oyununuz Premyer Liqanın VIII turunda "Neftçi"yə qarşı olacaq. Hansı futbolçular həmin matçı buraxacaqlar?

- Xulio yüz faiz oynamayacaq. Arxa bud əzələsini dartıb. Minimum 10 gün buraxmalıdır. Miloş və Tellurun da oynamayacağı dəqiqdir.

- Söz düşmüşkən, "Neftçi" ilə matçdan nə gözləyirsiz?

- Çempionatda bütün oyunlar çətindir. Asan rəqib yoxdur. Əlimizdən gələni etməyə çalışacağıq. Mən optimist insanam. Yaxşı nəticə üçün meydana çıxacağıq.

- Komandaya yeni qoşulan Riçard Qadzenin durumu necədir? Sizi qane edir?

- Əlbəttə ki, qane etmir. 4 aydır bu adam futbol oynamır. Məşqlərdə iştirak etməyib. Bu, futbolçu üçün uzun müddətdir.

- Forvardın əvvəlki formasını bərpa etməsi üçün nə qədər vaxt lazımdır?

- Futbolçunun maksimum formasını yığması üçün 4-8 həftə lazım olur. Amma Qadze bir az ağırlaşıb. kökəlib. "Qəbələ" ilə matçda oyuna buraxdım ki, meydanı hiss etsin. Ondan böyük nəsə tələb etmədim. Əslində zədəlilərin sırasına onu da qoşmaq olar.

Elnur SALAHOV

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"