Aftandil Hacıyev, yoxsa Ramin Quliyev? - "ZİRƏ"NİN BAŞ MƏŞQÇİ POSTUNA İKİ NAMİZƏD VAR

8 Oktyabr 2019 17:54 Zirə 1 068
Aftandil Hacıyev, yoxsa Ramin Quliyev? -

Dünən "Zirə" ilə bağlı verdiyimiz növbəti xəbər bu gün rəsmi təsdiqini tapdı. Bildirmişdik ki, komandanın "Qəbələ" ilə görüşdə qələbə qazana bilməməsi və Premyer Liqanın ilk dövrəsini 8 xalla turnir cədvəlinin 5-ci pilləsində başa vurması "Zirə" rəhbərliyini yenidən hərəkətə gətirib.

Bununla bağlı klubdaxili məsləhətləşmə aparılıb və fəxri prezident Orxan Məmmədov Samir Abasovun fəaliyyətindən növbəti dəfə narazılıq edib.

Bu gün isə "Zirə" açıqlama yaydı ki, rəhbərliklə Samir Abasov arasında görüş keçirib. Görüş zamanı komandanın cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən, klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

Orxan Məmmədov baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsinə dair göstəriş verib. Siyahi bir həftə ərzində ona təqdim olunmalıdır.

O, Samir Abasovu əvəzləyəcək mütəxəssislərin yalnız yerlilər arasındsan seçilməsini tapşırıb. Başqa sözlə, fəxri prezident sükan arxasına əcnəbi gətirilməsinin birmənalı olaraq əleyhinədir.

Sportinfo.az-ın məlumatına görə, "Zirə"nin 2 real namizədi var. Bunlardan biri ötən ilin dekabrın 9-da U-17 yığmasından uzaqlaşdırılan Ramin Quliyevdir.

Adı bir ara "Qəbələ" ilə hallanan gənc çalışdırıcı hazırda işsizdir. Quliyevə bir neçə başqa təklif gəlsə də, o, yalnız baş məşqçi kimi özünü göstərmək istədiyini bildirib. Ramin bəyin "Zirə" rəhbərliyində təmsil olunan şəxslərlə münasibətləri əladır.

Ona alternativ isə Aftandil Hacıyevdir. Ötən mövsüm "Səbail"i tarixində ilk dəfə avrokuboklara çıxaran mütəxəssisin hazırda işləri heç də qaydasında deyil.

"Səbail"in icraçı direktoru Ramin Həsənov onu istefaya gönədrmək və yerinə "kukla" təyin etməkdən ötrü əldən-ayaqdan gedir. Üstəlik, klubun maliyyə durumu pisdir.

Sadəcə, Hacıyevin bir şəxsə görə hər şeyə nöqtə qoyub gedə bilmir. Həmin adam isə onu "Səbail"ə gətirən və de-fakto prezident vəzifəsini yerinə yetirən Tamerlan Abdullayevdir.

AFFA prezidenti Rövnəq Abdullayevin qardaşıoğlu Aftandil Hacıyevdən heç olmasa qışadək gözləməyi xahiş edib. Görək, Hacıyevlə Abdullayev "Zirə"dən gələn təklif barədə indi nə qərar verəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti