“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib. Sportinfo.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Oyunun ilk dəqiqələrdən aqressiv keçəcəyi bəlli oldu. Həmin o aqressiyada top uğrunda mübarizə aparmaq baxımından rəqibə uduzduq. Nəticə göz qarşısındadı, uduzduq. Düzü, söz tapmıram. Sadəcə, rəqibi təbrik edirəm. Deyiləcək başqa bir söz yoxdur.
- Günahı kimdə görürsüz?
- Günahkar axtarmayacağıq. Bu problemləri aradan qaldırmaq lazımdı. Sırf futbolçular və digər şəxslər deyə ayırmaq istəmirəm.
- "Qarabağ"a qarşı 5 müdafiəçi ilə oynamaq başa düşüləndi, bəs bu gün bunun səbəbi nədi?
- Hər oyunda sistem dəyişmək düzgün deyil. Oyun ərzində dəyişiklik ola bilər. Heç kim zəmanət vermirdi ki, biz 4 müdafiəçi ilə oynasaydıq, hücumda çoxala bilərdik, qələbə qazanardıq.

