
“Zirə”ylə “Neftçi” arasında baş tutan oyunda (1:1) gərginlik pik səviyyədə idi.
İstər meydanda olsun, istərsə də ondan kənarda.
Xüsusən texniki zonalardakı canlanma diqqət çəkirdi.
Meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqova isə günün adamı deyə bilərik. 41 yaşlı çalışdırıcı 90 dəqiqə boyunca demək olar özü üçün ayrılmış skamyada əyləşmədi.
Yan xətt boyunca hərəkət edir, futbolçularına tapşırıqlar verir, iradlarını bldirir, bəzən hansısa epizodlarda baş hakim Rəvan Həmzəzadənin qərarları ilə razılaşmırdı.
“Zirə”nin buraxdığı qol anında isə sanki dünya Sadıqovun başına uçdu. Yuri Matiasın vurduğu qoldan dərhal sonra özündən çıxan baş məşqçi iki nəfəri hədəf seçdi.
O, öncə Qismət Alıyevi səslədi, bir neçə dəfə ona etirazını bildirdi. Ardınca Samuel Akanı çağırıb, topu niyə vaxtında uzaqlaşdırmamasının hesabını soruşdu.
Sadıqov dayanmaq bilmirdi. Sakitləşmək istəyir, nəsə düşünərək yenə coşur, əl-qol hərəkətləri ilə diqqətləri özünə çəkirdi.
Ta ki, komandası bərabərlik qolunu vurana qədər. Ondan sonra əl-ayağı bağlandı, sakitləşərək sıravi azarkeşə çevrildi.
HƏBİB / SPORTİNFO.AZ
Aşağıdakı videoda həmin anın görüntülərini izləyə bilərsiniz.