Samir Abasov dəyişib, başqa adam olub - İKİ OLAY

29 Avqust 2023 11:20 Sumqayıt 2 167
Samir Abasov dəyişib, başqa adam olub - İKİ OLAY

«Sumqayıt» mövsümün geridə qalan bölümündə məğlubiyyətlə tanış olmayen iki iştirakçıdan biridir. «Zirə» ilə bərabər.

«Sabah»ın avrokuboklarda iştirakına görə 1 oyun az keçirən «Sumqayıt» keçənilki görüntüsündən çox uzaqlaşıb.

Bunu qeyd etmək vacibdir - yönətimlə Sapmir Abasovun münasibətlərindəki yaxınlaşma özünü həm keyfiyyətli transfer bazarlığında, həm də nəticələrdə öz əksini tapır.

«Araz-Naxçıvan»la matçdan danışası olsam, 1:1-in üzərində çox dayanmayıb, iki məqama diqqət çəkməliyəm.

Bir: Samir Abasov, adətən, işlədiyi komandalarda fiziki hazırlığa daha çox fikir verir. O, xoşlayır ki, futbolçuları at kimi qaçağan, hun əsgəri kimi döyüşkən olsun.

«Araz» önündəki «Sumqayıt» isə heç ona bənzəmədi. Nominal ev sahibləri ikinci hissədə fiziki planda Abasovun komandasını açıq-aşkar üstələdi.

Qonaqların qaçmağa heyi qalmamışdı, ayaqlarını arxalarınca güclə sürüyürdülər. 1 xalı qurtardılar demək olar.

İki: Qəbələ səfərində Kamran Əliyevlə Samir Abasov arasında insidenti xatırlayırsız yəqin.

Hücumçu əvəzlənməsinə etiraz etmişdi. Narazılığını publikaya göstərə-göstərə bildirmişdi.

Əvvəlki Samir Abasov onun qələmini birdəfəlik qırar, forma və meydan üzünə həsrət qoyardı. Kamran yenə start heyətində yer aldı və yalnız sona yaxın oyundan alındı.

Deməli, dəyişib və məncə, bu, çox müsbət haldır. Təcrübəli məşqçi ümumi mənafe üçün bəzən belə məqamlarda güzəştə gedər.

Samir Abasovu artıq o təcrübəyə yiyələnməsi münasibətilə təbrik etməyə dəyər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti