İndi "Sumqayıt"da "dedovşina" varmı? - Premyer Liqa klublarının AVTORİTETLƏRİ

9 Aprel 2020 16:28 Sumqayıt 692
İndi "Sumqayıt"da "dedovşina" varmı? - Premyer Liqa klublarının AVTORİTETLƏRİ

Qapıçı komandanın yarısı hesab olunursa, kapitan o komandanın "bir nömrə"sidir: danışan dili, döyünən ürəyidir.

O bazubəndi qola taxmaq üçün yalnız yaxşı oyunçu olması kifayət etmir.

Meydandakı kimi, meydandan kənardakı davranışı ilə bunu haqq etməlidir. Yəni ki, fərdi bacarığı, sözünün kəsəri, avtoriteti ilə başqaları tərəfindən qəbul olunmalıdır.

Azərbaycan Premyer Liqasının cari mövsümündə 8 komandanı 23 nəfər kapitan sarğısı ilə meydana çıxarıb. Bu, o deməkdir ki, onların hamısı formasını geyindiyi kollektiv tərəfindən lider olaraq qəbul edilir? Əsla, belə düşünməyin.

(ilk 5 yazının linkt burada - https://www.sportinfo.az/idman_xeberleri/neftci/81480.html /// https://www.sportinfo.az/idman_xeberleri/kesle/81545.html /// https://www.sportinfo.az/idman_xeberleri/sabah/81612.html /// https://www.sportinfo.az/idman_xeberleri/qebele/81685.html /// https://www.sportinfo.az/idman_xeberleri/zire/81760.html)

- Özünü nə hesab edirsən? Sənə böyük-kiçik yerini başa salmayıblar?
- Mənə belə xoşdur.

- Gəl bura…

5 dəqiqə sonra. «Kapital Arena»nın tualetindən əvvəlcə sillə-yumruq səsi gəlir, kimsə qışqırır, «qələt eləmişəm, bir də eləmərəm» deyə, yalvarır.

- Bir də özünü yekəxana aparsan, səni bundan da pis günə salacağıq. Başa düşdün?
- Başa düşdüm.

- Di, indi get…

Başqa cür mümkün deyildi. Bernhard Raab və Aqil Məmmədovun vaxtında intizamsızlığa öyrəşmiş gənc futbolçuların növbəti partiyası Samir Abasovun zamanında da at oynatmağa başlamışdı. Cavanların say etibarıyla üstünlük təşkil elədiyi kollektivə bir düzən vermək, nizam yaratmaq lazım idi.

Və bunu baş məşqçi təkbaşına edə bilməzdi. Bir neçə yaşlı və təcrübəli, böyük komandalar görmüş futbolçu lazım idi ki, ab-havanı müəyyənləşdirsin. Onlar da zamanla gəlib-getməyə başladı.

Ayxan Abbasova kimi «Sumqayıt»ın əsas komandası bu cür idarə olunurdu. ötən mövsümün ilk dövrəsindən sonra sükan arxasına keçən əyləşən gənc mütəxəssis tədricən futbolçuları öz tərəfinə çəkə, sevdirə, beləliklə, birləşdirə bildi.

Onun sərəncamında Vurğun Hüseynov, Rail Məlikov və Əfran İsmayılov kimi lider xüsusiyyətli olması «Sumqayıt»ın işinə yaradı. «Kimyaçılar» ötən mövsüm tarixində ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazandı, bu «futbol ili»ndə isə avrokubokolara getməyə iddialı durumdadır.

Abbasov Premyer Liqanın 20 turunda 3 nəfərə kapitan sarğısını etibar edib: Vurğun Hüseynov, Rail Məlikov və Şəhriyar Əliyev. Adıçəkilən üçlükdən ən çox Vurğun bu statusa layiq görülüb. «Sumqayıt»da 6-cı ilini keçirən müdafiəçi düşərgənin hər giriş-çıxışına bələddir, hamını tanıyır.

Şəhriyar isə burada ikinci sezonunu keçirir və istər sakit xarakteri, istərsə də meydanda mübariz keyfiyyətləri ilə publikanın sevimlisinə çevrilməyə başlayıb.

Railin keçdiyi yola gəlincə, vaxtilə «Bakı», «Neftçi», «Qəbələ» və AZAL-da avtoritetini qəbul etdirməsi bu gün «Sumqayıt»da da çox köməyinə gəlir.

Doğrudur, Məlikov bu mövsüm nadir hallarda forma şansı qazanır, lakin bu, kollektiv üzərində təsir gücünü qətiyyən azaltmır. Həm də ona görə ki, Ayxan Abbasov hər bir futbolçuyla onun başa düşəcəyi dillə danışır, balansı qoruyur.

Ümumiyyətlə, bu cavan oğlanın gözündən heç nə yayınmır, hətta «Kapital Arena»nın səmasından uçan quşlar da. Abbasov qəbul edir ki, hər bir oyunçuya yanaşma tərzi individual olmalıdır, gərək biriylə yumşaq, biriylə sərt danışasan.

Hamıyla yumşaq danışanda olursan Aqil Məmmədov. Onda da səni nəinki baş məşqçi, heç adam yerinə qoyan tapılmayacaq.

Hamıyla sərt rəftar edəndə isə olursan Samir Abasov. Onda da A-dan Z-yə hamının nifrətini qazanacaqsan.

Abbasov «qızıl orta»nı bir yolla müəyyənləşdirə bilib, odur ki, komandanın yaşlısı da, gənci də ona görə birdir. Klubda maliyyə problemi var, maaş və mükafatlar gecikdirilir, ancaq nə ara qarışır, nə məzhəb itib.

«Zirə»də qazandığı təcrübə bu gün Ayxan bəyin əlindən tutur və imkan vermir ki, futbolçular rəhbərliyin üzərinə yerisin, yalan vədlərlə onları aldatdığı üçün prezident Riad Rəfiyevi, köməkçilərini tutub gözüylə başını bir eləsin. Yoxsa bu tip xəbərlər mətbuat səhifələrini çoxdan «bəzəmişdi»…

(VI YAZI)
SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"