"Sabah"da bugünün və sabahın adamı - Premyer Liqa klublarının AVTORİTETLƏRİ

6 Aprel 2020 15:18 Sabah 791
"Sabah"da bugünün və sabahın adamı - Premyer Liqa klublarının AVTORİTETLƏRİ

Qapıçı komandanın yarısı hesab olunursa, kapitan o komandanın «bir nömrə»sidir: danışan dili, döyünən ürəyidir.

O bazubəndi qola taxmaq üçün yalnız yaxşı oyunçu olması kifayət etmir.

Meydandakı kimi, meydandan kənardakı davranışı ilə bunu haqq etməlidir. Yəni ki, fərdi bacarığı, sözünün kəsəri, avtoriteti ilə başqaları tərəfindən qəbul olunmalıdır.

Azərbaycan Premyer Liqasının cari mövsümündə 8 komandanı 23 nəfər kapitan sarğısı ilə meydana çıxarıb. Bu, o deməkdir ki, onların hamısı formasını geyindiyi kollektiv tərəfindən lider olaraq qəbul edilir? Əsla, belə düşünməyin.

(ilk 2 yazı burada - https://www.sportinfo.az/idman_xeberleri/neftci/81480.html /// https://www.sportinfo.az/idman_xeberleri/kesle/81545.html )

Növbə «Sabah»dadır. Masazır təmsilçisini bu mövsüm 4 futbolçu kapitan qismində meydançaya çıxarıb. Cari «futbol ili»nin geridə qalan müddətində 4 baş məşqçi görən komandanı ən çox Ruslan Abışov yaşıl sahəyə «daşıyıb».

Ötən yay «Neftçi»dən gələn müdafiəçi ilk turların hamısında bu sarğını qolundan çıxarmayıb. Ta zədələnənə kimi! Ondan sonra Rəşad Eyyubov bu görəvə layiq görülüb. Jelko Şopiç sükan arxasına keçəndən sonra Saşa Stamenkoviçlə Bəhlul Mustafazadə bazubəndlə yaxından «tanış olub».

Ümumi götürsək, «Sabah»tanınan və seçilən yerli futbolçular sarıdan korluq çəkməyən azsaylı komandalardan biridir. Təmkin Xəlilzadə, Cavid İmamverdiyev və Kərimlə Coşqun Diniyev qardaşlarının da göy-ağ formanı geyinməsini nəzərdən qaçırmayaq.

Xorvatiyalı çalışdırıcı sərəncamındakı heyətdən məmnun qalmalıdır - əlindəki yerli oyunçuların hamısını həmkarları göydə qapar. «Sabah»ın ehtiyat skamyasında qalanlar «Sumqayıt», «Zirə», «Səbail», «Qəbələ» kimi klubbların əsas heyət üzvlərinin əksəriyətindən güclüdür.

Şopiçin ixtiyarındakılar avrokuboklar uğrunda mübarizə aparmağa qadirdir. Bu heyət bunu etməyə borcludur. Çünki klub rəhbərliyi tərəfindən onlara mövcud imkanlar daxilində ideal şərait yaradılıb. Kollektiv üçün hər şey edilib, təki nəticə qazanılsın.

Qeyri-sabit çıxışın səbəblərinin başında komanda daxilində liderin olmaması gəlir. Yəqin elə buna görədir ki, Marko Deviç yanvarın 17-də yenidən geri qaytarıldı. Ukrayna millisinin sabiq forvardı 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. O, bu komandanın Premyer Liqada ilk qolunun müəllifidir -, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.

Hücumçunun son komandası “Vozdovats” olub və o, Serbiyada bir neçə ay keçirəndən sonra “Sabah“a qayıtmaqla, yarımçıq qalan missiyasını tamamlamaq məqsədi güdüb.

Müqaviləsi mayın 31-də bitəndən sonra da biz, böyük ehtimalla, onu burada görəcəyik. Baş məşqçinin köməkçisi və ya başqa bir vəzifədə. Deviçin nəfəsi belə, bu komandaya çox vacibdir.

Əgər Ruslan Abışov uzun müddətə sıradan çıxmasaydı, «Neftçi»də etdiyi kimi, «Sabah»da da əlini daşın altına qoyar, ağır məsuliyyəti üzərinə götürərdi.

İndi bunu etmək ona çətindir – zədələr millinin keçmiş aparıcı simasını hər iki mənada çox yorub. Deviç də zədəyə meyllidir, sadəcə, o, vaxtında bunun öhdəsindən gəlməyi bacarır, dönüşünü aylarla gözləməyə lüzum qalmır.

37 yaşlı Marko həm meydandakı, hşəm də ondan kənardakı davranışı ilə örnəkdir. Ukrayna vətəndaşı olan serbiyalı işinə peşəkar yanaşır. Məşqə hamıdan əvvəl gəlir, hamıdan sonra gedir, hamıdan çox çalışır.

Daha İmamverdiyev və digərləri kimi məşq qurtarandan sonra paltardəyişmə otağının yolunu tutmur, duş qəbul etməmiş avtomobilinə əyləşib harasa getməyə tələsmir.

Düzdür, o, şəxsi məsələləri ilə məşğul olmağa da vaxt tapır, çünki bunları bir-birinə qarışdırmır, planlı hərəkət edir. Deviç sakit və mehribandır. Komanda yoldaşlarına yuxarıdan-aşağı baxmır, onları əzmir. Xüsusən azərbaycanlı futbolçularla yaxın münasibət qurmağa çalışır. Kimin bir sözü olursa, öncə onunla məsləhətləşir, fikrini öyrənir.

Paltardəyişmə otağında özünü çox sadə aparan hücumçunun yalnız bir dəfə problemi çıxıb, o da keçmiş baş məşqçi Elşad Əhmədovla. Maraqlıdır ki, istər Əhmədov, istərsə də kollektivin digər üzvləri mətbuata verdikləri açıqlamalarda bir qayda olaraq Deviç haqda müsbət danışıblar. Axı o, hər işdə birinci qabağa düşür, hansısa təşəbbüslə çıxış edir.

Marko «Sabah»a mövsümün ortasında deyil, əvvəlində qayıtsaydı, şübhəsiz, nəticələr indikindən daha yaxşı olardı. Oyunun ən kritik anlarında məsuliyyəti üzərinə götürməsini, qollar vurmasını ötən sezon az görməmişik. Yaş getsə də, təcrübə və işinə peşəkar yanaşma onun ən böyük üstünlüyüdür.

(III YAZI)
SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti