Əhmədovu döyməyə qoymurlar - Premyer Liqa klublarının AVTORİTETLƏRİ

5 Aprel 2020 16:00 Şamaxı 1 795
Əhmədovu döyməyə qoymurlar - Premyer Liqa klublarının AVTORİTETLƏRİ

Qapıçı komandanın yarısı hesab olunursa, kapitan o komandanın «bir nömrə»sidir: danışan dili, döyünən ürəyidir.

O bazubəndi qola taxmaq üçün yalnız yaxşı oyunçu olması kifayət etmir.

Meydandakı kimi, meydandan kənardakı davranışı ilə bunu haqq etməlidir. Yəni ki, fərdi bacarığı, sözünün kəsəri, avtoriteti ilə başqaları tərəfindən qəbul olunmalıdır.

Azərbaycan Premyer Liqasının cari mövsümündə 8 komandanı 23 nəfər kapitan sarğısı ilə meydana çıxarıb. Bu, o deməkdir ki, onların hamısı formasını geyindiyi kollektiv tərəfindən lider olaraq qəbul edilir? Əsla, belə düşünməyin.

(ilk yazı burada - https://www.sportinfo.az/idman_xeberleri/neftci/81480.html)

«Keşlə»də ötən mövsümdən etibarən kapitan dəyişməzdir. Slavik Alxasov o sarğını bir an düşünmədən qoluna bağlayır. Müdafiəçi Premyer Liqanın ilk 19 turunda komandanı bu statusla meydana çıxarıb. Yalnız sonuncu turda Azər Salahlı həmin görəvə üstlənib - Alxasovun sarı vərəqə limitini (4) doldurmasıyla əlaqədar.

Lakin «Keşlə»də nə Slavik, nə də Azər lider olaraq qəbul olunur. Klubda bu işi daha yaxşı bacaran başqa 2 nəfər var – Biri Rəşad Sadiqov, biri də Əfran İsmayılov. Maraqlıdır ki, adıçəkilən cütlük sezonun böyük hissəsini ehtiyat skamyada keçirir. Və bu da Tərlan Əhmədovla ulduzlarının barışmamasına görədir.

Baş məşqçi onlardan çəkinir, eyni zamanda gözündən çox uzağa buraxmır. Axı Zaur Axundov komandanı bu ikilidən soruşur. Düşərgədə nə baş verirsə, Müşahidə Şurasının sədrini Sadiqovla İsmayılovun nə fikirləşdiyi, nə deyəcəyi maraqlandırır.

Klubun birinci şəxsinə yaxşı məlumdur ki, kollektivi Əhmədovun ümidinə buraxsa, dərəbəylik, hərc-mərclik olacaq, hər gün bir qalmaqal yaranacaq. Göz gördüyündən qorxar – Axundov ötən mövsüm baş məşqçiyə bir balaca sərbəstlik verincə, nələrin yaşanmasının şahidi olmuşdu.

Buradakı futbolçuların Tərlan bəydən zəhləsi getmir - onların ondan zəndeyi-zəhləsi gedir. Heç bir «Keşlə»li onu öz arxasında bilmir, arxasınca danışan biri kimi tanıyır. Çünki Əhmədov üzlərinə bir söz söyləsə də, sonra eşidirlər ki, başqa yerdə, məsələn, rəhbərliyin qəbulunda 180 dərəcə fərqli fikirlər dilə gətirir.

Kollektivi «orbit»indən çıxmağa qoymayan, ən azından buna cəhd göstərən Əfranla Rəşaddır. Onlardan biri 1 gün məşqdə olmasa, 1 saat sonra xəbər yayılacaq ki, bəs futbolçular yığışıb baş məşqçiyə «əl bulayıblar».

Udduqları matçdan sonra aldıqları mükafatın bir hissəsini «fond yaratmışam» bəhanəsiylə əllərindən geri alan, uduzduqları qarşılaşmadan sonra «bilirəm, oyunu satmısız» deyən çalışdırıcıya nifrət bəsləmələri tam təbii hissdir.

Və buna görə, «Keşlə»liləri başa düşürük. Elə Zaur Axundovu da. MŞ sədri klubun normal fəaliyyət göstərməsi üçün mümkün olan hər şeyi edib və etməkdədir.

Vuran əli olduğu kimi, verən əli də var. Personala qayğıyla yanaşır, dərd-sərinə biganə qalmır. Kimin bir balaca problemi olursa, onun qapısını döyür.

Axundov hər hansı xahişlə ona müraciəit edənləri kor-peşman geri qaytarmır, bəzi klub rəhbərləri kimi «qapını arxadan bağla, özün də rədd ol buradan» söyləmir.

«Keşlə»nin futbolçuları məhz bu xasiyyətinə və diqqətinə görə meydana çıxır, avrokuboklar uğrunda mübarizə aparır. Komanda Əhmədovun ixtiyarında qalsa, yenə ötən mövsümdəki kimi Premyer Liqada sonuncu yeri tutar.

Tərlan bəy bu cür insandır - ona lazımsansa, əlindən öpəcək. Artıq lazım deyilsənsə, üstünə şər də atacaq. Futbolçularından bir çoxu ondan bu cür yalançı və qeyri-səmimi münasibəti görüb. Əfran da, Rəşad da bilir ki, baş məşqçiləri barələrində Axundova nə yalanlar söyləyib…

Halubki sədr komanda uduzandan sonra hesabat verməyə çağıranda, Əhmədov onlarsız qəbul otağına keçməyə ürək eləmir. Hər ikisinə yalvarır ki, nə olar, məni tək buraxmayın, birlikdə gedək. Az aşın duzu deyil axı. Bilir ki, İsmayılovla Sadiqovdan biri onunla bərabər qəbula getsə, Zaur bəyi sakitləşdirmək mümkün olacaq.

Və hər dəfə belə də olur! Axundov futbolçu yoldaşlarının Əfranla Rəşadın liderliyini qəbul etməsini gördüyü üçün hər ikisinə bütün imtiyazları tanıyıb. Düz də edib!

(II YAZI)
SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!