8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında məktəblilər arasında futbol turniri təşkil olunub.
Sportinfo.az xəbər verir ki, turnirin keçirilməsində əsas məqsəd məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin təşviqi, eləcə də şagirdlərdə birlik, həmrəylik və komanda ruhunun gücləndirilməsidir.
Turnir çərçivəsində məktəblilər futbol üzrə öz bacarıq və imkanlarını nümayiş etdirib, komanda şəklində mübarizə apararaq idman ruhunda rəqabət aparıblar.
Həmçinin, noyabrın 4–5-də Ağdam şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Zəfər naminə – Birlik Kuboku" adı altında Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən şirkətlər və sakinlərdən ibarət komandalararası minifutbol turniri keçirilib.
Turnirdə "Ağdam", "Füzuli", "Xocavənd", "Mübariz", "İmarət", "Ağdam Təhsil", "Zəfər Bağları" və "Agro Lid" olmaqla, ümumilikdə 8 komanda iştirak edib.
İki gün davam edən yarış maraqlı və gərgin idman mübarizəsi şəraitində keçir. Komandalar turnir ərzində öz bacarıqlarını və qələbə əzmlərini nümayiş etdiriblər.
Zəfər Günü münasibətilə təşkil olunan bu kimi idman tədbirləri gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə, sağlam həyat tərzinin təşviqinə və məktəblilər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
