Mehriban "Qəbələ" ailəsi - Premyer Liqa klublarının AVTORİTETLƏRİ

7 Aprel 2020 15:55 Qəbələ 675
Mehriban "Qəbələ" ailəsi - Premyer Liqa klublarının AVTORİTETLƏRİ

Qapıçı komandanın yarısı hesab olunursa, kapitan o komandanın «bir nömrə»sidir: danışan dili, döyünən ürəyidir.

O bazubəndi qola taxmaq üçün yalnız yaxşı oyunçu olması kifayət etmir.

Meydandakı kimi, meydandan kənardakı davranışı ilə bunu haqq etməlidir. Yəni ki, fərdi bacarığı, sözünün kəsəri, avtoriteti ilə başqaları tərəfindən qəbul olunmalıdır.

Azərbaycan Premyer Liqasının cari mövsümündə 8 komandanı 23 nəfər kapitan sarğısı ilə meydana çıxarıb. Bu, o deməkdir ki, onların hamısı formasını geyindiyi kollektiv tərəfindən lider olaraq qəbul edilir? Əsla, belə düşünməyin.

(ilk 3 yazının linkt burada - https://www.sportinfo.az/idman_xeberleri/neftci/81480.html /// https://www.sportinfo.az/idman_xeberleri/kesle/81545.html /// https://www.sportinfo.az/idman_xeberleri/sabah/81612.html)

Koronavirus pandemiya üzündən dayandırılan 2019/20 mövsümündə 24 oyun keçirən “Qəbələ”ni bu matçlara 4 kapitan çıxarıb. Azərbaycan Premyer Liqasındakı 20 qarşılaşmada Anar Nəzirov 15, Asif Məmmədov 3, Qismət Alıyevlə Rasim Ramaldanov hərəyə bir dəfə kapitan sarğısını daşıyıb.

Avropa Liqası və Azərbaycan kubokunun hərəsində 2 görüşə çıxan “qırmızı-qaralar”ın kapitanlığı bu 4 matçda da Nəzirova həvalə edilib. Həm Anar, həm də Qismətlə Rasim komandanın kapitanı vəzifəsindəki debütlərini cari mövsümdə gerçəkləşib. Əvvəlki illərdə də 9 matça bu sarğı ilə çıxan Asif isə göstəricisini 12-yə çatdırıb.

Ümumilikdə isə klub tarixinin 546 oyununda 41 futbolçu kapitan kimi matça başlayıb. Onlar arasında rekordçu Cavid Hüseynovdur. Yarımmüdafiəçi 72 görüşdə kapitan sarğısını daşıyıb.

O, ötən ilin yayında «Zirə»yə yollandı və bununla, yeri boş qaldı. Caviddən sonra bir nəfərin adını çəkib demək olmur ki, ok, indən belə filankəs «Qəbələ»də avtoritetdir. Elə birisi yoxdur, çünki klubun iddiası zəifləyib.

Burada qalan yerli futbolçular əsasən getməyə başqa komanda tapmayanlardır. Getsələr də, ya az pul alacaqlar, ya da ehtiyatda qalacaqlar. Odur ki, Asif Məmmədov mövsüm başlayaqdan bir qədər sonra düşərgəyə qayıtdı.

Hardasa onun üzərində dayanmaq mümkündür – liderlik keyfiyyətləri digərlərinə nisbətdə daha çoxdur. Fəqət, adını çəkdiyimiz yarımmüdafiəçi əsas heyətdəki yerini itirib. «Neftçi» ilə Qəbələki matçda yaşananlar yəqin yadınızdadır.

Premyer Liqanın 18-ci turu çərçivəsində keçirilən qarşılaşmada komandalarının 0:2 hesablı məğlubiyyətinə dözməyən yerli tərəfdarlar Elmar Baxşıyevi istefaya səslədi.

Azarkeşlər bunu toplum olaraq tələb edincə, Anar, Qismət və başqaları tribunaya tərəf axışdı, onların çağırışına sərt reaksiya ortaya qoydu. Bu fakt gerçəkdən bütün kollektivin bir məqsəd ətrafında birləşməsinin isbatıdır. Futbolçular hamılıqla baş məşqçinin arxasındadır və Baxşıyevlə çalışmaqdan məmnundur.

Əlbəttə, Elmar bəy oyunçularının sevgisini havadan qazanmayıb. Bir mütəxəssis olaraq hələ o qədər təcrübəli deyil, amma komanda üzvləriylə dil tapıb və bu, onun üçün ən vacib xüsusdur. «Qəbələ»lilər Sənan Qurbanovu görüb tanıyandan sonra Elmar Baxşıyevə ancaq dua edir. Və etməlidir.

Kim dayandığı yerdə təhqir olunmaq, aşağılanmaq, ələ salınmaq istəyər ki… Qurbanov belə birisidir. Dili zəhər və söyüşcüldür. Baş məşqçi dəyişikliyi edilməsəydi, «Qəbələ» bu gün bəlkə də 0 xalla turnir cədvəlinin «zirzəmisinə dəmir atmışdı». 19 xal toplanıbsa, bu, yalnız klub rəhbərliyinin Baxşıyevə, ikincinin də kollektivə inamının nəticəsidir.

«Qəbələ» öz akademiyasının «meyvələr»indən ən çox bəhrələnən klubdur. Burada azərbaycanlı kontingenti ümumiyyətlə güclüdür. Ona görə də legionerlər düşərgədə özbaşınalıq etmir.

Əcnəbilərdən birinin qalmaqal çıxarmasını, kollektivi bir-birinə vurmasını eşitmisizmi? Eşidə də bilməmisiz. Çün bütün yerlilər «Qəbələ»ni yaşatmalı olduqlarını və bu çətin dönəmdən birlikdə çıxmağın əhəmiyyətini anlayır.

«Qəbələ» varsa, onlar da var. Yoxdursa, onlar da yoxdur.

Bəlkə də yüksəködənişli yerlilərdən, yaxud legionerlərdən kimsə maaşının dəfələrlə aşağı düşürülməsinə razılaşıb qalsaydı, indi «Qəbələ»də belə mehriban aura görməyəcəkdik.

Hər işdə bir xeyir var. İnanırıq ki, respublikanın ən böyük infrastruktura və ən yaxşı şəraitə malik klubu bu futbolçuların vəhdəti nəticəsində keçid dövrünü uğurla adlayacaq. Axı «Qəbələ»yə təkcə «Qəbələ»lilərin və qəbələlilərin deyil, bütün Azərbaycan futbolunun ehtiyacı var.

(IV YAZI)
SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI