«Sumqayıt» yeni baş məşqçisinin adını ən geci iyulun əvvəlində açıqlayacaq.
Saytımız bu barədə klubdan məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, rəhbərlik uzun miüddətdir danışıqlar apardığı əcnəbi mütəxəssisdən cavab gözləyir.
Həmin çalışdırıcı portuqaliyalıdır. Prezident Riad Rəfiyev onunla görüşmək və müqavilə şərtlərini üzbəüz danışmaq üçün həmin ölkəyə yollanıb.
Müəyyən razılaşma əldə edilib, sadəcə, məşqçinin Türkiyəyə yollanmaq variantı da var. Belə ki, ona Super Liqadan təklif gəlib.
Portuqaliyalı sükançı paralel olaraq onlarla görüşmələr keçirdiyindən, hələ seçimini müəyyənləşdirməyib. Türkiyə klubu ilə söhbəti uzandığından, «kimyaçılar»ın gözü yolda qalıb.
Bu sövdələşmənin gerçəkləşməsi də mümkündür, əksi də. Hər halda «Sumqayıt»lılar ümidini üzməyib, səbrlə prosesin gedişini izləməkdədirlər.
«Gənclik şəhəri» təmsilçisini bu mövsüm Saşa İliç çalışdırıb. Serbiyalı komandanı avrokuboklara daşıya bilmədiyi üçün müqaviləsinin müddəti uzadılmayıb.
SPORTİNFO.AZ

