"Sumqayıt" Futbol Akademiyasının sabiq direktoru Hakan Sünal yenidən ölkəmizdə çalışmaqdan imtina edib.
Daha əvvəl məlumat verdiyimiz kimi, əcnəbi mütəxəssis bir neçə klubumuzdan təklif olmuşdu.
Almaniyalı mütəxəssisin burada qalmaması səbəbsiz deyil.
O, Türkiyədən daha yaxşı təklif alıb.
Təcrübəli mütəxəssis "Göztəpə" başda olmaqla bir neçə qardaş ölkə təmsilçisinə təklif olunub.
Artıq ölkəmizdən ayrılan Hakan bəyin Almaniyaya qayıtmaq variantları da var.
O, yaxın günlərdə yekun qərarını verəcək.
2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən Hakan Sünalla mövcud anlaşma ötən ayın sonunda başa çatıb.
Maliyyə məsələlərində orta razılıq əldə olunmadığı üçün 45 yaşlı mütəxəssislə yollar ayrılıb.
XANOĞLAN / SPORTİNFO.AZ

