Sportinfo.az xəbər verir ki,2026/27 mövsümündə Sumqayıt şəhərində iki stadion Konfrans Liqasının oyunlarına ev sahibliyi edəcək.
Belarusun BATE klubu Konfrans Liqasında ən azı birinci mərhələnin ev matçını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirəcək.
Buna səbəb Ukraynadakı müharibə ilə əlaqədar UEFA-nın Belarus komandalarına rəqiblərini doğma meydanlarında qəbul etmək qadağası qoymasıdır.
Beləliklə, iyulun 16-da BATE-nin "Elbasani" (Albaniya) ilə cavab görüşü "Mehdi Hüseynzadə" stadionunda təşkil olunacaq.
Qol.az-ın əldə etdiyi xəbərə görə, Sumqayıta üz tutan digər klub isə Azərbaycan təmsilçisi "Zirə"dir. Onlar ilk dəfə bu mövsüm Konfrans Liqasında ev görüşünü Sumqayıtda keçirməli olacaq.
Lakin BATE-dən fərqli olaraq, "Zirə" ev oyununu Mehdi Hüseynzadə adına stadionda deyil, Sumqayıtda - daha kiçik tutumlu "SOCAR Polymer Arena"da keçirəcək.
"Zirə"nin iyulun 8-də "Torpedo"ya (Kutaisi, Gürcüstan) görüşü məhz həmin arenada keçiriləcək. Artıq UEFA-nın saytı da oyunun bu arenada keçiriləcəyini təsdiqləyib.

Bakıda UEFA tələblərinə cavab verən stadionlardan Tofiq Bəhramov adına arenada "Qarabağ", "Neftçi Arena"da "Neftçi", Masazır qəsəbəsində isə "Sabah" avrokubokda ev oyunlarını keçirəcək.
Mərdəkandakı "Dalğa Arena"nın isə ot örtüyü dəyişdirildiyindən "Zirə" birinci mərhələ üçün həmin arenanı UEFA-ya sifariş edə bilməyib.

