“Zirə” yeddi nəfərlə yolların ayrıldığını bəyan edib.
Əksəriyyət baş məşqçi Rəşad Sadıqovun gələcək planlarına daxil olmasa da, Ceyhun Nuriyevlə Tyaqo Silva öz istəkləri ilə buradan ayrılıb.
Sadıqov Ceyhunla yola davam etməkdə maraqlı olub. Tərəflər maliyyə şərtlərində razılaşa bilməyib. Milli komandaya da cəlb olunan yarımmüdafiəçinin maaş tələbi “Zirə” rəsmilərini razı salmayıb.
Söhbət aylıq 15 min manat civarında məbləğdən gedir. Alınmayıb. Əl sıxıb, sağollaşıblar.
Nuriyevin üz tutacağı klubun adı böyük ölçüdə məlumdur.
Solaxay orta sahə oyunçusu karyerasını “Sumqayıt”da davam etdirə bilər.
Klub rəhbərliyi ilə 25 yaşlı futbolçunun arasında ümumi müzakirə və ilkin razılıq əldə olunub. Qalır işi rəsmiyyətə keçirmək.
“Sumqayıt”ın Ceyhunla aylıq 12 min manat məvaciblə razılaşacağı gözlənilir.
O, ötən mövsüm “Zirə”nin heyətində bütün turnirlərdə meydana çıxdığı 30 oyunda 4 qolla yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

