Bu şəhər, bu azarkeşlər o komandaya layiqdir!

1 Dekabr 2022 21:00 Sumqayıt 816
Bu şəhər, bu azarkeşlər o komandaya layiqdir!

Mehdi Hüseynzadə adına stadion sumqayıtlı futbolsevərlər üçün xüsusi məkandır.

Bəlkə də Tofiq Bəhramov adına Respublika stadionu ölkə üçün hansı əhəmiyyətdədirsə, bu stadion da Sumqayıt sakitləri üçün o qədər əhəmiyyətli və doğmadır.

Elə ölkə üçün də arenanı xüsusi məkan kimi qiymətləndirmək olar.

Bir vaxtlar avrokuboklardakı ilk ev matçımız olan "Turan" - "Fənərbaxça" görüşü (0:2) bu stadionda oynanıb.

Portuqaliyalı ulduz Kriştiano Ronaldo və komandası da adıçıkilən meydançaya ayaq basıb.

Milli komandamızın bir neçə oyunu burada keçirilib.

Yerli tərəfdarlar doğma "Xəzər"in, "Gənclərbirliyi"nin, lap elə indiki "Sumqayıt"ın oyununa Mehdi Hüseynzadə stadionunda az baxmayıblar. Dəfələrlə 15 mindən çox tərəfdarın bu "futbol məbədi"nə cəm olduğuna şahidlik etmişəm.

Sadəcə son illər arenanın bərbad durumu qarşılaşmaların burada keçirilməsinə ciddi sədd rolunu oynamış oldu. Qapılar illərlə yerli tamaşaçıların üzünə bağlı qaldı.

Nəhayət, 2019-cu ildə Mehdi Hüseynzadə adına stadion yenidən tikilməyə qərar verildi.

Müəyyən ləngimələr, problemlərə rəğmən artıq stadionun tam hazırdı. Açılış ərəfəsində müəyyən tamamlama işləri qalır.

Yəqin ki, yaxın günlərdə qırmızı lent kəsiləcək. Bu münasibətlə yerli futbolsevərləri təbrik etmək olar.

Amma onların daha bir arzusu bu arenaya və arenanı doldurmağa hazır olan minlərlə tərəfdara layiq komandanın formalaşmasıdır. Ümud edək ki, tezliklə Sumqayıt təmsilçisi tarixi əzəmətini geri qaytaracaq, uğurları sıralayacaq və illərdi Mehdi Hüseynzadə stadionunun tribunalarına həsrət qalan insanları öz başına cəm edəcək.

Bu şəhər, bu azarkeşlər, bu stadionla bərabər, həm də o komandaya layiqdir!

Digər Xəbərlər
Xəbər Lenti