İstefasının əsl səbəbini “Sportinfo”ya dedi: “Məni qane etmədi”

25 Noyabr 2023 21:20 Şamaxı 1 113
İstefasının əsl səbəbini “Sportinfo”ya dedi: “Məni qane etmədi”

Birinci Liqada baş məşqçi istefası reallaşıb.

Premyer Liqaya qayıtmağı hədəfləyən, lakin mövsümə istədiyi kimi start verə bilməyən “Şamaxı”nın baş məşqçisi postundan ayrılıb.

Vüqar Əsgərli liqadakı əsas rəqiblərindən olan “Karvan”a 2:4 hesablı məğlubiyyətin ardınca istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.

Tərəflərin qarşılıqlı razılığı əsasında yollar ayrılıb.

Əsgərli Sportinfo.az-a açıqlamasında qərarın səbəbini deyib:

“Bu günə qədər gördüyüm iş məni qane etmədi. Birinci dövrədə daha çox xal yığmaq istəyirdik.

İstəyimiz baş tutmadığından, istefa verməyi qərara aldım.

Düşündüm ki, dəyişiklik və yeni nəfəs olsa, komandaya fayda verər. Rəhbərlik də sağ olsun, qərarıma hörmətlə yanaşdı”.

Vüqar bəy ayrılığın öz istəyi ilə baş tutduğunu desə də, əslində, hələ oyundan əvvəl “Karvan”la oyunun baş məşqçi üçün sonuncu şans olduğunu yazmışdıq.

Klub rəhbərliyi bu matça qədər nəticələrdən ciddi narazılığını bildirib, Əsgərliyə son xəbərdarlığı etmişdi.

Səbəbkar iddianı yaxına buraxmayaraq xəbəri təkzib edib:

“Klubda belə bir söhbət olmayıb. Rəhbərliklə görüşərək istefa vermək sırf öz istəyimin nəticəsi idi.

Dedim ki, bu gün üçün ən yaxşı çıxış yolu mənim getməyimdir”.

Vüqar Əsgərli ötən ilin yayından – komanda Premyer Liqaya hazırlaşan gündən Cavid Hüseynovla birgə “Şamaxı”da çalışırdı.

Bölgə təmsilçisi elitanı tərk edəndən sonra Hüseynov “Cəbrayıl”a üz tutsa da, Pro kateqoriyasına sahib olan mütəxəssis işini davam etdirməyi qərara almışdı.

“Şirlər” 9 oyundan sonra topladığı 15 xalla 4-cü pillədə qərarlaşıb ki, lider MOİK-dən 4 xal geri qalır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"