Qızların yığması niyə uduzur? - Baş məşqçidən AÇIQLAMA

03:50 Qadın futbolu 73
Qızların yığması niyə uduzur? - Baş məşqçidən AÇIQLAMA

Yoldaşlıq oyunlarında əsas məqsəd futbolçuların beynəlxalq səviyyədə sınaqdan keçirilməsidir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət U-19 millisinin baş məşqçisi Həbib Ağayev deyib.

Mütəxəssis Moldova yığmasına qarşı keçirdikləri iki yoldaşlıq oyunu barədə danışıb:

"İlk qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə bitdi. Rəqib yalnız penaltilər seriyasında qələbə qazandı. İkinci oyun isə bizim üçün daha ağır keçdi. Moldova bu dəfə 5:3 hesabı ilə qələbə qazandı. Bu nəticələrə yalnız hesab baxımından yanaşmaq düzgün olmaz. Yoldaşlıq oyunlarında əsas məqsəd heyətin yoxlanılması, futbolçuların beynəlxalq səviyyədə sınaqdan keçirilməsi və qarşıdakı rəsmi matçlara hazırlıqdır. İlk görüşdə komandanın iki dəfə hesabda geri düşəndən sonra bərabərliyi təmin etməsi xarakter baxımından müsbət məqam kimi qeyd oluna bilər".

O, yığmada müsbət mənada müəyyən dəyişikliklərin olduğunu söyləyib:

"Toplanış üçün açıqlanan heyətə baxanda kifayət qədər geniş futbolçu seçimi aparıldığı görünür. Heyətdə "Şəfa", "Sabah", "Neftçi", "İmişli", "Araz-Naxçıvan", "Liman" UFK, "Dirçəliş" və Türkiyənin "Qaziantep Safir" komandalarının futbolçuları yer alıb. Xüsusilə Ayşən Salamzadə və Xanım Əsədovanın Türkiyənin "Qaziantep Safir" klubunda çıxış etməsi diqqət çəkir. Xarici təcrübəsi olan belə futbolçuların U-19-a cəlb olunması rəqabəti artıra bilər".

H.Ağayev U-19-da seçim imkanının geniş olduğunu söyləyib:

"Hazırda əsas məsələ bu oyunların nəticəsindən daha çox, növbəti rəsmi turnirlərə qədər optimal heyətin formalaşdırılmasıdır. Moldova ilə iki görüş məşqçilər üçün futbolçuları sınamaq baxımından əhəmiyyətlidir. Komanda formalaşma mərhələsindədir, heyətdə seçim və rəqabət prosesi gedir. Moldova ilə oyunlar bu prosesin bir hissəsidir. İki məğlubiyyət, əlbəttə ki, nəticə baxımından arzuolunan deyil, amma U-19 səviyyəsində əsas hədəf futbolçuların inkişafı və növbəti mərhələyə hazır komanda yaratmaqdır".

"Dalğa Arena"nın ehtiyat meydanında iki dəfə Moldova ilə qarşılaşan Azərbaycanın U-19 millisi ilk matçın (2:2) penaltilər seriyasında (4:5), növbəti qarşılaşmada isə 3:5 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu