Azərbaycan gimnastları 2027-ci il iyunun 16-27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək dördüncü Avropa Oyunlarına artıq bir neçə növdə iştirak hüququ əldə ediblər.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, aprelin 8-dən başlanan təsnifat yarışlarında idmançılar müxtəlif beynəlxalq turnirlərdə uğurla çıxış ediblər.
Aprelin 8-12-də Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında Selcan Mahsudova və Maqsud Mahsudov fərdi proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə sinxron proqramda lisenziyaya sahib olublar.
Sentyabrın 11-13-də İspaniyanın Pamplona şəhərində təşkil olunan aerobika gimnastikası üzrə dünya çempionatında isə qarışıq cütlük proqramında mübarizə aparan Mədinə Mustafayeva və Vladimir Dolmatov dördüncü Avropa Oyunlarında iştirak hüququna yiyələniblər.
2026-cı ildə keçiriləcək akrobatika gimnastikası və tamblinq üzrə dünya çempionatları, eləcə də 2027-ci ildə baş tutacaq idman gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları dördüncü Avropa Oyunlarına lisenziya qazandıran təsnifat xarakterli yarışlardır.



