Azərbaycan Premyer Liqasının 34-cü turunun surpriz nəticəsi "Baksel Arena"da yaşandı.
Ötən tur Tovuz səfərində darmadağın yaşayan (0:4) "Neftçi" bu dəfə doğma meydanda "Şamaxı" ilə görüşdə şok xal itkisi yaşadı - 1:1.
Bu, həm də "Şirlər"in mövsüm ərzində bakılılardan qazandığı ilk xal kimi yadda qaldı.
Deməli, sevinməyə dəyər. Nəzərə alaq ki, Premyer Liqada qalmaq uğurunda amansız mübarizə aparan bölgə klubuna hər bir xal hava-su kimi vacibdir.
"Neftçi" kimi güclü rəqib üzərindən müsbət nəticə həm də son 2 tur öncəsi əlavə motivasiya mənbəyi ola bilər. Ölüm-qalım matçları ərəfəsində əsasən gənclərdən yığılan kollektivə özünə inam gətirmiş olacaq.
Amma görünür, klubun bəzi əməkdaşları bunun fərqində deyil.
Hər halda klubun sosial şəbəkə hesabındakı "quruluq" belə düşünməyə əsas verir.
Təsəvvür edin ki, bu mövsüm ilk dəfə güclü rəqiblə səfərdə xal qazanılıb, ilk qol vurulub, amma səhifə admini yalnız hesabı yazmaqla kifayətlənib.
Bəs qarşılaşmadan fotolar? Bəs oyunda vurulan qolu xüsusi təqdimatı? Heç biri yoxdur.
Məsələn, bir tur əvvəl evdə "Zirə"dən alınan darmadağın (0:3) böyük zövqlə izləyicilərə təqdim olunur.
Nəticə qazanmaq, məqsədə çatmaq üçün bu kimi bütün detallar önəmlidir.
Yalnız Cavid Hüseynovun yaxşı məşqçi olması, futbolçuların meydanda döyüşməsi ilə keçinmək bir yerə qədər mümkündür.
Qarşıdan "Qəbələ" ilə əhəmiyyətli oyun gəlir. Hələ zaman var. Ümid edək ki, gec də olsa adminlər tənqiddən nəticə çıxarıb yaranmış boşluğu aradan qaldıracaqlar.
XANOĞLAN / SPORTİNFO.AZ