Sportinfo.az xəbər verir ki, “Şəfa”nın rumıniyalı yarımmüdafiəçisi Vlad-Marian Pop Misli Premyer Liqasının VI turunda “Qarabağ”a uduzduqları (0:1) oyundan sonra sualları cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Oyun gözlədiyimiz kimi, gərgin və maraqlı keçdi. “Qarabağ” çox təcrübəli, illərdir Avropada uğurlu çıxışı ilə seçilən komandadır. Bu cür kollektivə qarşı oynamaq çətin idi. Bununla belə, yaxşı çıxış etdik. Pis oynamadıq.
- “Qarabağ”dan 1 xal almağınız üçün nə çatmadı?
- Xal qazanmaq şansımız var idi. Mübarizə apardıq, döyüşdük. Müasir futbol belədir, ən kiçik səhv belə bağışlanılmır. Biz əlimizdən gələni etsək də, “Qarabağ” daha üstün oynayan tərəf idi.
- 6 turda “Şəfa” cəmi 1 qələbə qazanıb. Bu cür startı necə qiymətləndirirsiniz?
- 18 mümkün xaldan cəmi 3-ünü qazanmışıq. Təbii ki, bu, çox deyil. Bunu anlayırıq. Lakin nəzərə almaq lazımdır ki, ardıcıl olaraq liqanın ən yaxşılarına qarşı oynamışıq. Çempionatda yaranan fasilədən sonra daha çox xal qazana bilərik. Buna inanıram.
