“Neftçi”də gündəm yaratdı, indi də özünü “günəşə verir”

21:20 Neftçi 117
“Neftçi”də gündəm yaratdı, indi də özünü “günəşə verir”

“Neftçi” azarkeşləri onun yolunu həsrətlə gözləyirdi.

Hətta “Dinamo Minks” səddinin keçilməməsinə görə onun yoxluğunu səbəb göstərənlərin sayı kifayət qədər idi.

Yay fasiləsində komandada ayrılması fanatlara elə pis təsir etmişdi ki, rəhbərlik onun tamhüquqlu sahibinə çevrilmək üçün əlindən gələni edirdi. Təki qayıtsın, oynasın, çempionluq sevincini birlikdə yaşamaq mümkün olsun.

Yekunda hədəfə çatmaq mümkün oldu. Uzun sürən danışıqlardan sonra Freddi Varqası “Makkabi Netanya”dan transfer etmək mümkün oldu.

Təəssüf ki, azarkeşlərin görmək istədiyi, daha doğrusu, görməyə alışdığı Varqas artıq yoxdur. Olmağına var, amma yox kimidir. Necə deyərlər, olmasa ondan yaxşıdır.

Adam meydanda ayaq sürüyür, rəsmən yola verir. İlk matçlarda bəlkə də formada olmadığını əsas gətirmək olardı. Ancaq indi formadan keçib.

Ötən mövsümkü Freddi hara, indiki hara?

Meydanda can qoyan, rəqiblərini bir-birinə qatan, qol ötürmələri verib, qolları sıralayan “10 nömrə” özü barədə yüksək fikirlər formalaşdırmışdı. Yayın ən qaynar mövzusu Varqasın “Neftçi”yə qayıdıb-qayıtmayacağı idi.

Sən demə, venezuellalının etdiyi özünüreklam imiş. Bacarığını ortaya qoyub qiymətini artırmaq, “Neftçi”dən, ya da başqa klublardan sərfəli təklif alıb daha çox pul qazanmaq.

“Qaymaq” kimi 2 illik müqavilə bağlayıb, özünə sərf edib lazım olan məbləği razılaşdırıb, indi də dəniz qırağında uzanıb günəş şüası qəbul edirmiş kimi şellənir.

6 oyunun hamısında meydanda olan Varqas 5 dəfə start heyətində yer alıb. Cəmi 1 qol vurmaqla 3 qolun vurulmasında iştirak edib.

O Varqas hara, bu Varqas hara?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti