Dağ, daş, VAR, Adil günahkardır, bir ondan başqa, eləmi?

6 Mart 2023 19:00 Səbail 685
Dağ, daş, VAR, Adil günahkardır, bir ondan başqa, eləmi?

Bu il «Səbail»in passivinə yazılan məğlubiyyətlərin sayı dördə çatdı.

Sonuncu olana oxşamır, davamı gələcək.

Şahin Diniyev üç aya yaxındır «Səbail»in sükanı arxasındadır. Hər turdan sonra növbəti həftəni işarə edir.

Gah «yavaş-yavaş öz oyunumuzu tapırıq» deyir, gah müdafiəçilərini uşaq səhvləri etməkdə qınayır, gah da VAR-ı günahlandırır.

Hə, belə de… Hamı günahkardır, bir ondan başqa.

Klubun rəhbərliyi isə (əgər onlar varsa) ağzına su alıb oturur. Deyəsən, başa düşüblər ki, Mahmud Qurbanovu mövsümün ortasında vəzifədən alıb Şahin Diniyevi gətirməklə səhvə yol veriblər.

Bu, bilirsiz, nəyə oxşayır? Sağ qulağı sol əllə qaşımağa.

Baş məşqçi postundakı məlum dəyişiklik «Səbail»i bir qədər də geri atıb.

Mahmud Qurbanov kimləri ki göndərmək istəyirdi, Şahin Diniyev hamısını saxladı, üstəlik, Adil Nağıyevi də «Şamaxı»dan geri qaytardı. Pulun olan yerindən də iki legioner aldırdı.

Həmin o Adil bu gün «Səbail»in «axil dabanı»dır. «Şamaxı» bu müdafiəçinin icarə müqaviləsini vaxtından əvvəl pozmaqla uduzmadı.

«Canlı bomba» neçə turdur «Səbail»in müdafiə xəttinin başına bəla olub. Cabir Əmirli və digərləri ilə bərabər.

Komanda düzənsiz və ruhsuzdur. Sınıq-salxaqdır.

Stabilliyin qarantı baş məşqçi olmalıdır, onun da əməyi gözə dəymir. Gözə dəyən başqa şeylərdir.

Futbolçuların Diniyevdən narazılığı, rəsmilərlə arasında yaranan fikir ayrılığı, legionerlərlə yerlilərin bir-birlərindən xoşlanmaması, bütün bunların meydanın içinə təsiri və daha nələr, nələr…

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!