COP29

Baş məşqçinin istefaya göndəriləcəyi haqda xəbərlərə necə reaksiya verdi?

13 Noyabr 22:40 Sabah 690
Baş məşqçinin istefaya göndəriləcəyi haqda xəbərlərə necə reaksiya verdi?

Sportinfo.az “Sabah”ın və millinin yarımmüdafiəçisi Elvin Camalovun müsahibəsini təqdim edir:

- Premyer Liqanın son turunda autsayder “Kəpəz”lə oyunda 2 xal itirdiniz. Matçı necə dəyərləndirərdiniz?

- Oyunun əvvəlində qapımızda erkən qol gördük. Bu, bizim üçün gözlənilməz oldu. Amma oyundan qopmadıq. İkinci hissədə hesabda önə keçdik. Təəssüf ki, ondan sonra fürsətləri dəyərləndirə bilmədik. Yekunda rəqib hesabı bərabərləşdirdi. Belə vəziyyətlər bizə səhvlərimiz üzərində işləmək baxımından kömək olmalıdır. Harda səhvlərimiz varsa, onları gələcək oyunlarda aradan qaldırmalıyıq.

- Artıq 6 oyundur qələbə qazana bilmirsiniz. Bu uğursuzluğun səbəbi nədir?

- Bu, komanda olaraq bizim üçün üzücü haldır. Çünki həmişə yuxarı pillələrdə olmaq istəyirik. Məhz bunun üçün də mübarizə aparırıq. Dediyiniz kimi, artıq neçə turdur qalib gələ bilmirik. Bu məqam hardasa bir az əhval-ruhiyyə baxımından düşüş yaradır. İnanıram ki, səhvlərimizdən nəticə çıxarıb qarşıdakı oyunlarda vəziyyəti düzəldəcəyik.

- Baş məşqçi Krunoslav Renduliçin tezliklə istefaya göndəriləcəyi deyilir. Bu məqam çıxışınıza təsir edir?

- O haqda məlumatım yoxdur. Baş məşqçi ilə aramız yaxşıdır. Bizim kimi o da istəyir ki, qalib gələk. İki ildir komanda olaraq yaxşı nəticə veririk. Bu seriyanı davam etdirmək istəyirik. Əvvəlki illərdə də müəyyən periodlarda düşüş yaşadığımız zamanlar olub.

- Çempionatdakı fasilə komandaya faydalı olacaq?

- Fasilə müddətində hər zaman düşünməyə, səhvlər üzərində çalışmağa vaxt olur. Ümid edirəm ki, bu fasilənin bizə faydası olacaq və çempionata daha yaxşı vəziyyətdə qayıdacağıq.

- Qarşıdan millinin oyunları gəlir. Bu dəfə heyətdə yer almasanız da, qarşıdakı matçlarla bağlı fikirləriniz maraqlıdır. Gözləntiləriniz nədir?

- Bu dəfə heyətdə yer almasam da, komandamıza inanıram. İnşallah, qarşıdakı oyunlarda uğurlu nəticə qazanarıq. Qələbə bizə çox lazımdır. Komanda özündə güc toplayıb azarkeşlərimizi sevindirməlidir.

- Millimiz Millətlər Liqasında ardıcıl 4 oyunun 4-də də uduzub və ən zəiflərin yer aldığı D Liqasına doğru gedir. Uğursuzluğun səbəbini nə ilə izah etmək olar?

- Konkret səbəb göstərmək çətindir. Ola bilər ki, digər millilərdən fərqli olaraq komanda şəklində bir-birimizə uyğunlaşmaq baxımından hardasa çətinlik çəkirik. Bu da zamanla düzələn məsələdir. İnanıram ki, tezliklə milli komandamız da yaxşı nəticələr əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi