Prezident: "Komanda yox, klub olmağı planlaşdırırıq"

12 Aprel 2023 15:00 Region Liqası 1 207
Prezident: "Komanda yox, klub olmağı planlaşdırırıq"

Ötən ilin ikinci yarısında yaradılan «Difai» Baknı tərk edir.

Bu barədə Sportinfo.az-a klubun prezidenti Asəf Məlikov məlumat verib.

II Qarabağ Müharibəsinin iştirakçı və qazilərinin təmsilçisi olan «Difai»nin rəhbəri deyib ki, komanda bundan sonra Şirvanda məskunlaşacaq:

«Bilirsiz ki, növbəti mövsümdən I Divizionda iştirak etmək istəyirik. Bununla bağlı həm AFFA-ya, həm də Peşəkar Futbol Liqasına müraciət ünvanlamışıq.

Tələblərlə tanışıq və əminliklə bildirirəm ki, onları yerinə yetirmək iqtidarındayıq. Bu istiqamətdə müəyyən işlər görmüşük və yenə də davam edəcəyik.

Şirvan Olimpiya Kompleksi ilə müqavilə imzalamışıq. Orada olmuşuq və şəraiti incələmişik. Kompleksin stadionu I Divzion oyunlarını qəbul etməyə hazırdır.

Bəzi xırda işlər var ki, onları da qısa müddətdə görmək mümkündür. «Difai» Region Liqasında debüt mövsümünü uğurlu keçirdi.

İndi də istəyirik ki, peşəkarlıq yolunda növbəti addımı ataq. AFFA və PFL-də futbolun inkişafını istəyən insanlar çalışır.

Onlardan daim diqqət görürük. Bilirəm ki, I Diviziona iddia edən komandalar çoxdur. Müraciətlərin hamısı ciddi surətdə araşdırılır.

«Difai» komanda yox, klub olmağı planlaşdırır. Klubumuzun nəzdində aşağı yaş qrupları üzrə komandalar yaratmağa başlamışıq.

Yaxın gələcəkdə akademiya qurmaq fikrimiz var. Əminəm ki, AFFA və PFL rəhbərliyi bütün bunları nəzərə alacaq, sonda ədalətli qərar çıxaracaq.

Region Liqasından I Diviziona gələcək klubların arasında «Difai»nin adını görsək, çox sevinərik».

Digər Xəbərlər
Xəbər Lenti