I Liqa mənsubu «Cəbrayıl»a maliyyə dəstəyini dayandıran Şahin Məmmədov futbol sektorundan geri çəkilməyib.
O, başqa bir komandanı öz himayəsinə götürüb.
İş adamı Region Liqasında mübarizə aparan «Zəngəzur»u qanadı altına alıb.
Əslən Qərbi Azərbaycan bölgəsindən olan biznesmen tarixi torpaqlarımızın təmsilçisinə hərtərəfli dəstək verməkdədir. Komandanın qarşısına II Liqaya vəsiqə qazanmaq vəzifəsi qoyub.
Ş.Məmmədov 4 ildir sponsoru və prezidenti olduğu «Cəbrayıl»la martın əvvəlində vidalaşıb. O, kollektivlə görüş keçirib, artıq bura maliyyə ayırmağa gücünün çatmadığını bildirib.
Ötən illər ərzində «Cəbrayıl»a əlindən gəldiyi qədər maddi dəstək verdiyini xatırladan biznesmen heç kimin onların köməyinə yetişmədiyini söyləyib.
Qeyd edib ki, indiyədək bir neçə cəbrayıllı imkanlı şəxsə üz tutsa da, onlar kluba pul ayırmağa maraq göstərməyib.
Deyib ki, hazırkı vəziyyətdə belə addım atmaq məcburiyyətində qalıb, bununla belə, komandanın çempionatda yerini qoruyacağına inanır.
Ş.Məmmədov yarandığı gündən «Cəbrayıl»ın yanında olub.
Klubun təsisçilərindən Cavid Hüseynovla yaxın münasibətlərinə görə futbol sektoruna qədəm basan iş adamı Region Liqasından bəri bu yolu onunla yanaşı addımlayıb.
SPORTİNFO.AZ

