“Liverpul”un sabiq kapitanı Stiven Cerrard “Mançester Siti”nin maliyyə pozuntularına görə necə cəzalandırılmalı olduğu barədə fikirlərini bölüşüb.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis “şəhərlilər”in Çempionşipə göndərilməsinin tərəfdarı olmadığını bildirib.
O, klubun Premyer Liqa çərçivəsində cəzalandırılmasını, yeni transferlərə qadağa qoyulmasını və xallarının silinməsini təklif edib:
“Onları Çempionşipə göndərmək olmaz. Axı onlar dərhal yenidən yüksək liqaya qayıdan və bu şansı başqasının əlindən alan komandalardan birinə çevriləcəklər.
Onlarla bağlı məsələni Premyer Liqa çərçivəsində həll etmək daha yaxşıdır. Onlar bir neçə mövsüm ərzində cəzalandırılmalıdırlar.
Yeni transferlərə qadağa qoyulması və xal silinməsi zəruridir. Qoy onlar da on il ərzində digər komandalara yaşatdıqları əziyyəti özləri çəksinlər”.
“Mançester Siti” son oyununda səfərdə “Liverpul”u 3:0 hesabı ilə məğlub edib.
