COP29

Kim kimi gəldi döyür… Region Liqası yox, Hərbə-Zorba Liqası

22 Fevral 2023 02:20 Region Liqası 828
Kim kimi gəldi döyür… Region Liqası yox, Hərbə-Zorba Liqası

Azərbaycanda "peşəkar futbol liqası” deyəndə, təbii, ağıla ilk gələn Premyer Liqa olur.

Çünki ölkənin ən güclü komandaları məhz bu liqada cəmləşib, bir-biriylə mübarizə aparırlar.

Avrokuboklara vəsiqə qazanmağa çalışırlar. Ümumiyyətlə, Azərbaycanda az-çox peşəkarlığa yaxın bir liqa var, o da elə Premyer Liqadır. Bəs qalanları?

Birinci Divizyonun adı ölkədə pis çıxıb. Əlbəttə, "bataqlıq” adlandırılan, əvəzedicilərin və komanda olmaq xətrinə bir neçə dənə də bölgə təmsilçisinin qatıldığı bu qarmaqarışıq çempionatda zaman-zaman oyun alğı-satqısı hallarına da rast gəlinib. Elə bir müddət öncə AFFA tərəfindən MOİK-in futbolçuları Fərmayıl Əliyevlə Emin Mehtiyevin danışılmış oyunlarda iştirak etməsi iddiası ilə futboldan ömürlük uzaqlaşdırılmasını misal göstərsək, kifayətdir. Buna bənzər hallara əvvəllər də rast gəlmişik. Şübhəsiz, bütün yaşanan hadisələr Birinci Divizyonu "peşəkar” statusundan uzaqlarda saxlamaqdadır və bu səbəbdən ölkə miqyasında çempionata qeyri-ciddi yanaşılır.

Azərbaycanda Birinci Diviziondan da aşağı səviyyəli çempionat Region Liqasıdır. Yəni rəsmi adı "Region Liqası” olsa da, statusu həvəskar, daha doğrusu, məhlə futbolunun oynanıldığı, "düşüncəsiz" başların toplaşdığı bir yarışdır. "Peşəkar” adlandırılan Birinci Divizyonda zaman-zaman Azərbaycan futbolu adına ləkə gətirən hadisələri xatırlasaq, görün indi AFFA-nın baş girələmək üçün ortaya atdığı Region Liqasında nələr var nələr…

Ötən gün AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirdi. İclasda Region Liqasının 11-12 fevralda keçirilmiş bəzi oyunları ilə bağlı açıqlanan qərarlarını görəndə düşündüm ki, bir sıra oyunçular və azarkeşlər stadionlara ancaq dava-dalaş salmaq, hakimlərə təzyiq üçün gedirlər.

Gəlin, qərarlara nəzər salaq. Fevralın 12-də keçirilən "Çinar Zəngilan” – "Xan Lənkəran” oyununda qonaqların futbolçusu Balarza Qədirli oyun bitdikdən sonra hakimin üzərinə bir neçə dəfə təcavüzkar şəkildə sıçrayaraq hücum etməyə cəhd göstərib. Bu səbəbdən İntizam Məcəlləsinin 32-ci maddəsi əsasında o, 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb. Şərti cəza üçün isə 3 ay sınaq müddəti müəyyənləşdirilib. Oyunçu və klub sınaq müddəti ərzində İntizam Məcəlləsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verdiyi halda, şərti cəzanın futbolçunun müvafiq pozuntuya görə aldığı cəzanın üzərinə gəlinəcəyi barədə xəbərdar olunub.

Digər qərarda deyilir: Fevralın 11-də AFFA Region Liqasında keçirilən "İrəvan” – "Difai” oyununda qonaqların heyətində hakimi təhqirə görə 4 oyunluq cəzalandırılmış Gülalı Mehrəliyev oyunda iştirak etdiyi üçün İntizam Komitəsi tərəfindən "Difai”yə 0:3 hesablı məğlubiyyət verilib.

Hələ bir buna baxın. Ayın 12-də AFFA Region Liqasında keçirilən "Zəfər 44” – "Qobustan” oyununun 1-ci hissəsi bitdikdən sonra meydan sahiblərinin baş məşqçisi Vidadi Salmanova, eləcə də koordinatoru Bəxtiyar Salmanova hakimlər briqadasına hədə-qorxu gəldiyinə və onları təhqir etdiyinə görə 10 oyun stadiona giriş qadağası qoyulub. Üstəlik təhlükəsizlik tədbirləri görülməməsi üzündən hakimlər briqadası 2-ci hissədə meydana çıxmayıb, yəni, oyun keçirilməyib. Bu səbəbdən "Zəfər 44”ə 0:3 hesablı texniki məğlubiyyət verilib. Hələ baş məşqçinin və koordinatorun hərəkətləri azmış kimi həmin matçda azarkeşlər tərəfindən də hakimlərə təzyiqlər, hətta onları vurmağa cəhdlər olunub. Nəticədə komandanın növbəti 1 oyununun azarkeşsiz keçirilməsinə qərar verilib.

Qısası, Region Liqası deyil, daha çox hərbə-zorba liqasıdır. Ya da hədə-qorxu liqası. Yaxud… Siz, necə ad verirsiniz verin. Son vaxtlar belə hallar Region Liqası üçün artıq adiləşib. Sanki Azərbaycan futbolu müstəqilliyin ilk illərindəki vəziyyətinə qaytarılır. 90 dəqiqə meydanda futbol adına heç nə göstərməyən, bəlkə nə oynadıqlarını özləri də bilməyən bəzi komandalar bacarıqsızlıqlarını hərbə-zorbalıq vasitəsilə örtmək və hakimlərə təzyiq sayəsində xal qazanmaq niyyəti güdürlər.

Tüpürələr bu şəkildə qazanılan xala. Üstəlik, hədə-qorxu proseslərinə azarkeşlərin də qoşulması… Bütün bunlara, hətta sabah baş verə biləcək daha pis hallara görə isə çempionatı nəzarətsiz şəkildə öz axarına buraxan AFFA məsuliyyət daşıyır. Əslində belə faktlar çoxdur. Hər dəfə İntizam Komitəsinin qərarlarını oxuyub nələrin baş verdiyini biləndə, açığı, adam həm üzülür, həm də əylənir.

Təəssüfləndirici məqam odur ki, oxşar hadisələr qurumun bayrağı altında keçirilən U-19, U-17, U-16 və sair liqalarda da tez-tez müşahidə edilir. Yalnız UEFA-nın tələbinə görə yarış xətrinə yarış keçirən, ancaq onu nəzarətdə saxlamayan assosasiya üçün bunun nəticələri heç də yaxşı olmaya bilər. Nəzarətin ən yaxşı yollarından biri isə sözügedən yarışları küçə təfəkküründən daha peşəkar səviyyəyə daşımaqdır. Düzdür, tam olmasa da, bu işlərin böyük hissəsi AFFA-nın üzərinə düşür. Bu, olmayacaqsa…

Səbuhi Həsənov

Digər Xəbərlər
Xəbər Lenti