"Qarabağ" Ukrayna çempionatında titul uğrunda mübarizə apara bilər"

16 May 2020 11:48 Qəbələ 812
"Qarabağ" Ukrayna çempionatında titul uğrunda mübarizə apara bilər"

"Qəbələ"nin sabiq baş məşqçisi, hazırda işsiz olan ukraynalı mütəxəssis Roman Qriqorçuk ölkəsinin mətbuatına geniş müsahibə verib.

Sportinfo.az müsahibənin Azərbaycanla bağlı hissəsini təqdim edir.

- Qazaxıstan və Azərbaycanda ümumilikdə 5 ildən çox işlədiniz. Bu ölkələrdə idman 1 nömrədir?

- Hər iki ölkədə idmanın, xüsusilə futbolun kütləviləşməsi və inkişafı üçün xeyli iş görülür. Futbola gəlincə, infrastrukturu möhkəmləndirir, oyunun kütləviyili üçün məlumatlandırma kampaniyaları aparırlar. Amma, demək olmaz ki, Azərbaycanda futbol 1 nömrəli idman növüdür. Ölkədə fərdi idman növləri - güc döyüşləri daha yaxşı inkişaf edib. Yerli idmançılar bu mənada beynəlxalq arenalarda kifayət qədər uğuludurlar.

- Bu ölkələrdə futbol çempionatlarının səviyyəsi necədir?

- Kifayət qədər müasir. Aparıcı komandalarını - "Kayrat", "Astana" və "Qarabağ"ı götürsək, onlar Ukrayna çempionatında titul uğrunda mübarizə apara bilərlər. Demək olmaz ki, hansısa zəif komandaları var. Hamısı yaxşı təşkilatlanıb. Komandanı komplektləşdirmək üçün bütün şərtlər mövcuddur. Ukraynanın hazırkı çempionatı ilə müqayisə etsək, ciddi fərq görmürəm. Yalnız "Şaxtyor" və "Dinamo" fərqlənir.

- Qazaxıstan və Azərbaycanda oyun modeli oxşardır?

- İndi insanlar futbolu bilir və oynamağı daha yaxşı bacarırlar. Primitiv futbol sərgiləyən xüsusi komanda tapa bilməzsiniz. Hər bir klub inkişaf etmək istəyir, qarşısına ciddi hədəflər qoyur. Ona görə də haradasa, zəif futbolun ola biləcəyini düşünməyin. Artıq istənilən komandanın özünəməxsus üslubu, öz siması var.

- Ukraynada hava şəraitinə görə qış fəslində futbol olmur. Bu ölkələrdə vəziyyət necədir?

- Azərbaycanın iqlimi Qazaxıstandan fərqlənir. Azərbaycanda müəyyən dövrlər var ki, güclü küləklər əsir. Amma bu, qısamüddətli hadisədir. Futbol planında orada rahatdır. Uzun səyahətlər və uçuşlar yoxdur. Çempionat payız-yaz sistemi üzrə keçirilir. Mövsümlərarası fasilə yayda olur. Komandalar təlim-məşq toplanışı üçün istilərin olmadığı sərin ölkələrə gedirlər. Avrokubokların təsnifat mərhələləri iyul-avqustda oynanılır. Həmin vaxt kifayət qədər ciddi istilər olur. Belə şəraitdə oynamaq çox çətindir. Əvəzində qış mülayim keçir. Çempionat, demək olar ki, yeni ilə kimi davam edir. Sonra isə kiçik fasilə olur və komandalar yenidən öz çıxışlarını bərpa edirlər. Qazaxıstanda isə şərtlər daha çətindir. Böyük ölkədir, hava şəraiti dəyişkən olur. Bəzi yerlər isti, bəzi yerlər soyuqdur. Arada böyük temperatur fərqi olur. Oyunlara ancaq təyyarə ilə getmək lazımdır. Hər komandanın meydançası yaxşı deyil. Ayrı-ayrı klublar süni örtükdə oynayırlar. Bunun isə futbola faydası olmur.

- Yerli komandalara keyfiyyətli legionerlər cəlb etmək çətindir?

- Top-futbolçuları cəlb etmək çətindir. O, pul az olmasına baxmayaraq, ilk növbədə, Avropa ölkələrinin çempionatlarını nəzərdən keçirir. Üstəlik, uşaq bağçaları və məktəblər üçün fərdi ailə tələbləri var. Amma yaxşı futbolçunu gətirmək realdır. Qazaxıstanda və Azərbaycanda keyfiyyətli legionerlər oynayırlar.

- Ölkə xaricində keçirdiyiniz bu 5 ildə məşqçi kimi güclü ola bildiniz?

- Mən bunu "təcrübəli" sözü ilə əvəz edərdim. Çox şey öyrəndim. Öz ölkələrində lider olan komandalarda işlədim. Öz ideyalarımı həyata keçirə bildim. Təcrübə qazandım, çünki mədəniyyəti, adət-ənənələri, fəlsəfəsi bir-birindən fərqlənən müxtəlif ölkələrdə işlədim. Bu, məni həm məşqçi, həm də insan kimi zənginləşdirdi.

Digər Xəbərlər
Xəbər Lenti