Yeni futbolçu aldırmağa gücü çatmayan baş məşqçi yansınmı, yanmasınmı?

25 Yanvar 2023 11:00 Qəbələ 769
Yeni futbolçu aldırmağa gücü çatmayan baş məşqçi yansınmı, yanmasınmı?

Premyer Liqada 2023-cü ilin rəsmi açılışı dünən qeyd olundu.

Mövsümün ikinci bölümü Gəncədə start götürdü.

Avrokuboklara iddiasını sürdürmək istəyən «Qəbələ» yeganə məqsədi elitada qalmaq olan «Kəpəz»in qonağı idi və özünü əsl qonaq kimi apardı.

Əlavə heç nə etmədilər. Qış yuxusundan ayılmadıqları nəzərə çarpdı. Xüsusən ilk hissədə.

Birinci dəqiqədən 45-ci dəqiqəyə kimi «Qəbələ»ni «gördüm» deyən olmadı. Harasa yox olmuşdular.

Ara-sıra gedib-qayıdır, sonra yenə gözdən itirdilər. İki penalti də «Qəbələ»ni də oyatmadı və yuxuya davam fasiləyədək sürdü.

Antalya toplanışına qatılmayan, koronavirusa yoluxduğu bildirilən Rafael Utrix, habelə ehtiyat skamyanın sevilən ismi Ülvi İsgəndərov ikinci hissədə meydana ayaq basdı və bu dəyişiklik ümumi havanı aydınlatdı.

Elmar Baxşıyev çox tərs adamdır, özünə söz verib ki, iki dünya bir olsa da, ağzıyla quş tutsa da, Ülvini əsas heyətdə meydana buraxan deyiləm.

Həmişə onun-bunun kölgəsində saxladığı Ülvi artıq neçənci dəfədir ki, «Qəbələ»ni əjdahanın (məğlubiyyətin) əlindən dartıb alır.

Sona 10 dəqiqə qalmış status-kvonu bərpa edən qonaqların hesabı öz xeyrinə dəyişməsinə, sadəcə, gücü çatmadı. Psixoloji, fiziki və «yeni qan» cəhətdən.

«Qəbələ» Nizami yurdunda qoyub gəldiyi 2 xalın yoxluğunu növbəti həftələrdə içdən-içə hiss edəcək. Qoy, bir neçə tur ötsün. Bu 2 xalın yeri komandanı çox incidəcək.

Günahkar? Əlbəttə, o, Elmar Baxşıyevdir.

Cəsarət istənilən baş məşqçinin ən ağır «silah»ı və üstün tərəfidir. Heyhat, biz Baxşıyevin əlində və dilində o «silah»ı görmürük.

Avrokuboklara iddiasını özündə saxlayan komandanı çalışdıran zat rəhbərliyinə «mənə yeni futbolçu(lar) lazımdır, mütləq almalısız» deyə bilmirsə, day ondan heç zad!

Premyer Liqanın yeganə mənsubu «Qəbələ»dir ki. qış bazarlığını boş keçirdi. Hamı aldı, onlar qaldı.

Qitə arenasına yollanmaq şansı yüksək olan «Qəbələ» yeni ilə köhnə heyətlə başlayırsa, bu, gözlənilən fəlakətin miqyasını gözlər önünə sərir.

Baxşıyev cəsarətli olmalı idi. Heç olmasa, indi.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!