Bir-birinə oxşamayan iki "Qəbələ" - Utanmalı olan adam

11 Sentyabr 2022 11:40 Qəbələ 1 322
Bir-birinə oxşamayan iki "Qəbələ" - Utanmalı olan adam

«Qəbələ» enişdə və çöküşdədir.

Elmar Baxşıyevin «qara zolaq» reallığını qəbul eləməsə də, bu, belədir.

O, faktın gözünün içinə kül üfürsə də, komandasının ardıcıl üçüncü oyunda meydandan məğlub ayrılması bir baş məşqçi kimi Baxşıyevin vəziyyətdən çıxış yollarını hələ də tapmadığını, yaxud tapa bilmədiyini deyir.

Bəs səbəbkarın özü nə söyləyir? Onun «Neftçi» ilə matçdan sonra səsləndirdiyi fikirlərdən bir parçaya diqqət yetirək:

"Bilirdik ki, bizi çətin oyun gözləyir. "Neftçi" yaxşı komandadır, heyətində yaxşı futbolçuları var. Nə planlaşdırmışdıqsa, futbolçular ilk yarıda onu yerinə yetirməyə çalışdı.

Sadəcə olaraq, ikinci hissədə konsentrasiyanın aşağı düşməsi qapımızda qollarla nəticələndi. Amma ümumilikdə komandanın çıxışından razıyam.

Baş məşqçinin taleyini nəticələr müəyyənləşdirir? Problem deyil. Nəticə olmayacaqsa, əgər "Qəbələ"nin iddialı olması üçün, daha yaxşı variant olacaqsa...Burada ömürlük deyiləm».

Görəsən, Elmar bəy "bilirdik ki, bizi çətin oyun gözləyir" girişindən nə vaxt əl çəkəcək? Olmaz ki, bir də söhbətə bu sözlərlə körpü salmasın? Yorulduq eyni ifadələri eşitməkdən. Baxşıyevin oyun şərhi köhnə qramafon valını xatırladır. Çevir tatı, vur tatı.

«Qəbələ» ilk hissədə «Neftçi»yə göz verdi, işıq vermədi. Ramon Maçado və Rafael Utrixin sayılmayan qolları ilə bərabər, Aqil Məmmədovun qoruduğu qapının torunu üç dəfə silkələdilər.

Ötən mövsümün əvvəlindəki «Qəbələ» kimi mücadilə sərgiləyən ev sahibləri belə təəssürat yaratdı ki, böyükhesablı qələbə qazanacaq.

«Neftçi»ni meydanın bir küncünə sıxan «Qəbələ» istər kəsərli hücum, istərsə də doğru pas sayında üstünlüyünü tam təmin etmişdi.

«Neftçi»nin futbolçuları başını itirmişdi, nə edəcəklərini bilmirdilər. Sürətli və əzmkar futbolu ilə qonaqlarını top uğrunda mübarizədə «döyən» «Qəbələ»lilər sanki şir ürəyi yemişdi.

Nə oldusa, fasilədə oldu. Paltardəyişmə otağında nə baş verdi, Baxşıyev nə söylədisə, ikinci hissədə rollar büsbütün dəyişdi.

Yəqin ki, klubun prezidenti Fariz Nəcəfov səbəbini araşdıracaq bunun. Çağırıb futbolçuları bir-bir soruşacaq, bəzi suallar verəcək.

Məsələn, maraqlanacaq ki, Baxşıyevlə işləməkdən yorulmusuz, ya yox.

Elmar bəy hesabat verməyə borcludur. «Qəbələ»dən konfet kağızı almır, normal maaş alır. 10 legioner saxlamağa gücü çatırsa, aydındır ki, klubun maliyyə dayaqları sabitdir, ağlamalı vəziyyətdən çox uzaqlaşıblar.

Futbolçuların təri soyumamış mükafatları stolun üzərində hazır olur. Hələ daha nələr, nələr! Sözümüzün canı odur ki, Baxşıyevin gilny-güzar etməyə mənəvi haqqı çatmır.

Barmağını qatlasın və desin ki, filan problem var idi, aradan qaldırılmasını istədim, həll olunmadı. Deyə bilməz!

İndiki baş menecer Nail Kərimov ona Zaur Əzizov qədər dəstək olmur? Ok! Vaxtı çatanda bu məqamı da incələyəcəyik. Komanda üzərində hakimiyyət Baxşıyevdədir,

Kərimov iç məsələlərinə qarışa bilmir. Bu yay şəxsən arzuladığı neçə legioneri bura gətirmək istəyib, alınmayıb.

Yəni, baş menecerin «əli»nə oynayacaq bir futbolçu da yoxdur, fikirləşəsən ki, baş məşqçinin «torba»sını kimsə tiksin.

Baxşıyev öz əli ilə öz ayağının altını qazanır. Komanda nə vaxt məğlubiyyətləri sapa düzübsə, geriyə qayıdış uzun çəkib.

Nə demişdik, yadınızdadır yəqin. İlk turlarda «Turan Tovuz», «Şamaxı» və «Kəpəz» üzərində qələbələr qazanılanda, qeyd etmişdik ki, cücəni payızda sayarlar, eyforiyaya qapılmaq çox tezdir.

İddiasızları sıraya düzən «Qəbələ»nin özünü öncə «Sabah», ardınca «Zirə», indi də «Neftçi» zəlil hala saldı. Bitdimi? Bitəcəkmi? Kaş ki! Amma oxşamır.

«Halva-halva» deməklə ağız şirin olmur ki… Gərək iş görəsən, nəsə edəsən. Fəqət, biz Baxşıyevdə nə iş görmək həvəsi görürük, nə də nəsə etmək cəhdi. Danışdıqlarını əksəriyyəti də həqiqəti əks etdirmir.

Deyir ki: «Təki komandam həmişə belə oynasın. Ötən oyunda da 10 epizod yaratdıq, amma uduzduq. Futboldur da, olur. Futbolun özəlliyi də budur ki, həmişə yaxşı oynayıb qalib gəlmirsən».

Hansı ciddi məşqçini Elmar bəyin bu açıqlaması ilə tanış etsən, peşəsinə nifrət bəsləyər. «10 epizod yaratdıq, amma uduzduq» - heç bu da sözdür yəni…

Futbolçuya konsentrasiyanı verən baş məşqçidir, Qəbələ bazarında fındıq satan Mirzə kişi deyil.

Fasiləyə üstün durumda yollanan komanda paltardəyişmə otağından bikef qayıdırsa, bunun səbəbini də gedib Mirzə kişidən soruşmamalıyıq.

Baxşıyev dünən ikinci hissədəki utancverici oyunun günahkarı olmasını etiraf etmək istəmir. Bir belə, iki belə, 3 oyun belə?

Son 45 dəqiqəlik futbola görə utanmaq lazımdır, xəcalət çəkmək lazımdır, üzr istəmək lazımdır. Köhnə nağıllarını «n» qədər dinlədik, yaxşı da, getsin, bir az da başqa nağıllar öyrənsin.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti