Liderin “19”u uğurun sirrini açıqladı – De Byazidən dəvət gözləyir

14 Sentyabr 2021 23:00 Qəbələ 3 501
Liderin “19”u uğurun sirrini açıqladı – De Byazidən dəvət gözləyir

Cari mövsümün sürpriz komandası “Qəbələ” 3 oyundan sonra topladığı 7 xalla “Qarabağ”la liderliyi - 1-2-ci yerləri bölüşür.

Komandanın uğurlu çıxışında parlaq oyunu və verdiyi məhsuldar ötürmələrlə alqış qazanan Rövlan Muradovun əməyi böyükdür.

23 yaşlı yarımmüdafiəçi Sportinfo.az-a verdiyi açıqlamada “Qəbələ”nin məğlub olmamasının sirrini açıqlayıb: “Çox yaxşı komandaya sahibik. Birlik, istək və məsuliyyət – bunlar əsas “silahlarımızdır”. Baş məşqçimizin verdiyi tapşırıqları məşqlərdə və oyunlarda yerinə yetirməyə çalışırıq. Və bu bizə uğur qazandırır”.

Mövsümün yeni başladığını, “Neftçi” və “Sabah” kimi rəqiblərin heyətini nəzərə alsaq, bölgə təmsilçisinin bu cür davam edəcəyi sual altındadır. Rövlan bu baxımdan narahatlıq görmür.

“Məqsədimiz uğurlu qrafiki qoruyub-saxlamaqdır. İnşallah, bunu bacarmaqla azarkeşləri sevindirməyə çalışacağıq”.

“Sumqayıt”ın ardıcıl 2 mövsüm avrokuboklara vəsiqə qazanması yığmada bu komandadan olan futbolçuların sayını artırıb. Maraqlıdır, “Qəbələ”nin məğlubiyyətsiz irəliləməsi Canni de Byazinin “qırmızı-qaralar”a diqqətini artıracaq? Muradov yığmanın italyan məşqçisindən dəvət gözləyirmi?: “Bu dəqiqə əsas məqsədim bacardığımın maksimumunu ortaya qoymaqla komandama fayda verməkdir. Qol vurub, məhsuldar ötürmə verməklə “Qəbələ”nin uğuru üçün çalışıram. İnamlı təsir bağışlayacağım halda, fikrimcə, millinin məşqçilər heyətinin diqqətini çəkərəm. Əsas yığmada oynamaq hər bir futbolçu kimi, mənim də arzumdur. Dediyim kimi, bunun üçün “Qəbələ”də yaxşı oynamalıyam. Mən də üzərimdə çalışıram ki, milliyə dəvət alım. Əgər belə bir şans olarsa, maksimum yararlanmağa çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti