"Qarabağ" avrokuboklarda mərhələ şansını itirdi - VİDEO

27 Noyabr 2020 00:50 Qarabağ 286
"Qarabağ" avrokuboklarda mərhələ şansını itirdi - VİDEO

"Qarabağ" Avropa Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, I qrupunun IV tur matçında rəqib "Sivasspor" olub.

Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar İstanbulun "Başakşehir Fatih Terim" stadionunda təşkil olunmuş qarşılaşma "Sivasspor"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar meydana itkilərlə çıxıblar. “Qarabağ”da Filip Ozobiç cəza səbəbindən, Maksim Medvedev və Rahil Məmmədov koronavirusa yoluxduqları, Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynov zədəli olduqları üçün üçün matçı buaraxıblar.

"Sivasspor"da isə 8 futbolçu koronavirus probleminə görə oynaya bilməyib. Nəticədə "Qarabağ"ın oyun üçün sifariş ərizəsində cəmi 16, "Sivasspor"da isə 15 futbolçu yer alıb.

"Qarabağ"ın start heyətində qapını Şahruddin Məhəmmədəliyev qoruyub. Komandasını meydana kapitan kimi çıxaran Qara Qarayev müdafiənin mərkəzində Kevin Medina ilə yanaşı yer alıb.

Solda Elvin Cəfərquliyev, sağda isə Donald Gerye çıxış edib. Dayaq yarımmüdafiəçiləri kimi İsmayıl İbrahimli və Uroş Matiç, onların önündə Ovusu Kvabena qərarlaşıb. Hücumun solu Abdullah Zubirə, sağı Toral Bayramova, sivri ucu isə Mahir Emreliyə həvalə olunub.

Görüş əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükutla start götürüb.

Oyuna fəal başlayan Azərbaycan təmsilçisi artıq 8-ci dəqiqədə hesabı açıb. Uroş Matiçin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Abdullah Zubir topu uzaq küncə göndərib.

Lakin 40-cı dəqiqədə Qara Qarayev cərimə meydançası daxilində əllə oynadığı üçün sarı vərəqə alıb və komandası penalti ilə cəzalanıb. Aruna Kone dəqiq zərbə ilə bərabərlik qolunu vurub.

"Qarabağ" ikinci hissəyə də qolla başlayıb. 51-ci dəqiqədə Uroş Matiç künc zərbəsindən sonra rəqib müdafiəçilərindən dönən topu uzaq məsafədən güclü zərbə ilə "Sivasspor"un qapısından keçirib.

Ağdam komandasının sevinci uzun sürməyib. 58-ci dəqiqədə Olarenvaju Kayode meydana girər-girməz cinah ötürməsini qola çevirib. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə Kone qoyub. O, özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Beləliklə, "Qarabağ" qrupdakı dördüncü matçında da məğlub olaraq, sona 2 tur qalmış 1/16 finala vəsiqə şansını itirib. Xalını 6-ya yüksəldən "Sivasspor" isə növbəti mərhələ uğrunda mübarizəsini davam etdirib.

Qrupun digər matçında "Vilyarreal" İspaniyada İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra "Vilyarreal" 10 xalla 1-ci, "Makkabi" 7 xalla 2-ci, "Sivasspor" 6 xalla 3-cü pillədə qərarlaşıb. Sonuncu pillədəki "Qarabağ" isə xalsızdır.

"Qarabağ" avrokubokların qrup mərhələsində ardıcıl 7-ci mövsümdür təmsil olunur. Azərbaycan təmsilçisi bunların 1-də Çempionlar Liqasında, 6-da isə Avropa Liqasında çıxış edib və heç bir halda qrupdan çıxa bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 22:20 Son 10 ilin ən düz adamı
16 Yanvar 11:25 Metro yenə bağlı olacaq