Ruhun şad olsun, "Qarabağ" yadigarı!

21 Noyabr 2020 20:00 Qarabağ 1 384
Ruhun şad olsun, "Qarabağ" yadigarı!

Adil Nadirov deyəndə futbol ictimaiyyətinin ilk yadına düşən "Qarabağ" futbol klubu olur. Bu da əbəs deyil ...

1950-ci il Ağdamda dünyaya gələn Nadirov sonradan "Qarabağ" heyətində futbolçu kimi çıxış edib.

Aldığı ağır zədəyə görə, futbolçu karyerası elə də uğurlu olmur. 1987-ci ildə isə hazırkı "Qarabağ"ı təsis edir. Hətta bir dönəmlər komadanın baş məşqçisi kimi də çalışır.

Ağdamın işğalı ilə "Qarabağ" üçün də çətin dönəmlər başlayır. Amma Nadirov heç zaman "Qarabağ"ı yalnız qoymur. Komanda ilə işğaldan sonrakı ilk milli çempionatın qalibi olmağı da bacarır.

Zaman-zaman maddi sıxıntılar "Qarabağ"ı dağılmaq təhlükəsi ilə üz-üzə qoyur. Nadirov isə hər vasitə ilə bunun qarşısını olur. O, düşünürdü ki, "Qarabağ" Ağdamın incisidir. Onun dağılmasına, aradan getməsinə yol vermək olmaz. O, bunun üçün öz şəxsi maşınından da keçmişdi. Belə ki, komandanın yaşaması üçün mersedes markalı maşınını sataraq, klubun yaşaması uğrunda xərcləmişdi. İmkanlı iş adamlarının qapılarını bir-bir döyüb, kömək istəyirdi. Futbolçuları min bir xahişlə komanda da qalmağa razı salırdı. Elə mövsüm olub ki, "Qarabağ" son anda 11 futbolçu toplayıb çempionatda iştirak edib.

Ən pis günlərdə də Adil Nadirov ümid edirdi ki, "Qarabağ" dağılmaq yox, əksinə daha da böyüyəcək. Öz sözünü avrokuboklarda deyəcək. Bütün dünya "Qarabağ"ın adı ilə biləcək ki, Ağdam bizimdir, Qarabağ bizimdir. İnanırdı ki, nə vaxtsa Ağdam azad olacaq və "Qarabağ" doğma "İmarət"ə geri dönəcək.

Adil Nadirovun "Qarabağ" üçün çəkdiyi zəhmətlər boşa getmədi. Arzuları, ümidləri zamanla gerçək oldu. 2003-cü il Abdolbari Gözəlin rəhbəri olduğu "Azərsun Holdinq" şirkəti "Qarabağ"a sahib çıxdı. Bununla da məcbur köçkün statuslu komandanın üzərindən qara buludlar götürüldü. Hər şey Nadirovun arzuladığı və inandığı kimi oldu.

"Qarabağ" ölkə daxili yarışlarda uğurları sıralamağa başladı. Avropa arenasında ağlasığmaz nəticələr göstərdi. Özündən qat-qat güclü rəqibləri, avropa nəhənglərini Bakıya gəlməyə məcbur etdi. Bu uğurlara Nadirov özü də bir müddət şahidlik etdi. "Qarabağ" rəhbərliyi Nadirovun hörmətini sona kimi klubda saxladı. Bəli sona kimi ...

Adil Nadirov 2018-ci il 69 yaşında haqq dünyasına qovuşdu. Nadirov sonuncu arzusunu - Ağdamın azad olunmasını görmədən bu dünyadan getdi. Artıq Ağdam da azaddı, Nadirov. "Qarabağ"ın "İmarət"ə getməsi zaman məsələsidir, Nadirov. Bütün arzuların, xəyalların gerçək oldu, Nadirov. Əmanət qoyduğun "Qarabağ" əmin əllərdə Ağdama təslim ediləcək, Nadirov. Ruhun şad olsun, "Qarabağ" yadigarı!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!