Azərbaycan millisi olduqca vacib qarşılaşmada Litvanı məğlub etməyi bacardı.
Millətlər Liqasında əvvəlki iki oyundan cəmi 2 xalla ayrılan yığmamız bu dəfə əzmkarlığı sayəsində Bakıda Litvanı 1:0 hesabı ilə üstələdi. Bununla da Azərbaycan 3 turdan sonra aktivində 5 xalla qrup liderliyinə yüksəldi.
Məlum qələbə milli üzvlərinə pul mükafatı qazandırmayıb.
Buna səbəb əvvəlki iki oyunda itirilən xallardır.
Əgər Azərbaycan millisi ilk iki qarşılaşmada daha yaxşı nəticə əldə etsəydi və üç oyundan sonra qrup liderliyini təmin etsəydi, AFFA tərəfindən futbolçulara və məşqçilər heyətinə “premiya” ödənilməsi nəzərdə tutulurdu.
Lakin xüsusən Lixtenşteynlə oyunda qeydə alınan heç-heçə yığmanın vəziyyətini xeyli çətinləşdirib, AFFA rəhbərliyini qəzəbləndirib. Bu səbəbdən Litva üzərində qazanılan qələbəyə görə futbolçuların kartına pul köçürməsi olmayacaq.
Əldə etdiyimiz məlumata görə, AFFA rəsmiləri milli komandanın üzvləri ilə söhbət zamanı mövqelərini açıq şəkildə bildiriblər: Lixtenşteyn üzərində qələbə mütləqdir.
Yalnız bu halda futbolçuların və məşqçilər heyətinin çəkdiyi əziyyətin pul mükafatı ilə qiymətləndirilməsi məsələsinə baxılacaq.
Bir sözlə, Litvanı məğlub etdilər, lider oldular, amma mükafat qazana bilmədilər.
Ümid qalıb Lixtenşteyndəki oyuna.
HƏBİB / SPORTİNFO.AZ
